Azərbaycanda tükürpədici hadisə: İtə atəş açdı, güllə qonşunun uşağını öldürdü – ŞOK FAKTLAR
    • 11-11-2021, 11:32
    • 931

Azərbaycanda tükürpədici hadisə: İtə atəş açdı, güllə qonşunun uşağını öldürdü – ŞOK FAKTLAR

Bu ilin aprel ayında Abşeron rayonu Məmmədli kəndi ərazisində 1958-ci il təvəllüdlü Şücaət Qurbanov qonşuluqda yaşayan həmkəndlisi, 2008-ci il təvəllüdlü Nihad Nəbiyevi tüfəngdən açdığı atəşlə öldürüb.

News24.az-ın məlumatına görə, təsərrüfatla məşğul olan və kənd ərazisində taxıl əkmiş 63 yaşlı kişi taxıl zəmisindəki itləri qovmaq məqsədilə atəş açarkən patrondan çıxan qırmalardan bəziləri yaxınlıqda olan və qonşuluqda yaşayan Nihadın başına dəyib. Azyaşlı aldığı xəsarətlərdən yıxılıb.

Şücaət Qurbanov isə hadisə vaxtı uşağın xəsarət aldığını görsə də, özünə məxsus olan “Hyundai Elantra” markalı avtomobilə minərək uzaqlaşıb. Təxminən yarım saat sonra övladları ilə birgə hadisə yerinə qayıdan şəxs yaralı halda yerdə qalmış uşağı maşına qoyaraq xəstəxanaya göndərib, özü isə polis şöbəsinə gedərək törətdiyi əməli etiraf edib. 

Ş.Qurbanov barəsində Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 143-cü (təhlükədə qoyma) maddələri ilə iş açılıb. İstintaq dövründə o həbs edilməyib və barəsində polisin nəzarəti altında olmaqla bağlı qətimkan tədbiri seçilib.

Bir neçə gün əvvəl Abşeron rayon məhkəməsində Şücaət Qurbanov barəsindəki cinayət işləri üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmədə o, qonşunun 13 yaşlı övladını necə öldürməsi barədə danışıb: “Məmmədli kəndində oğlumla birlikdə yaşayıram. 2000-ci ildə həmkəndlimdən icarəyə torpaq sahəsi götürmüşəm və həmin torpaq sahəsində müxtəlif taxıl bitkilərinin əkini ilə məşğulam. 2020-ci ilin oktyabr ayında yenə həmin torpaq sahəsində arpa əkmişdim və mütəmadi olaraq həmin torpaq sahəsini gedib suvarma və başqa kənd təsərrüfatı işləri görmüşəm. Arpa əkdiyim torpaq sahəsi açıq sahədə yerləşdiyi üçün orada itlər özünə yuva salıb tez-tez əkinin içində hərəkət edərək arpa sahəsinə ziyan verirlər. Bunun qarşısını almaq məqsədi ilə həmin itləri qorxudub taxıl sahəsindən qaçırmaq üçün aprelin 7-də saat 11 radələrində evdə olan “İJ” markalı ov silahını götürüb özümə məxsus “Hyundai Elantra” markalı avtomobillə sahəyə getdim. Evdən çıxarkən evdə heç kim olmadığından bu barədə heç kimə məlumat verməmişdim. Torpaq sahəsinə gəlib avtomobili sahənin kənarında saxladım, sahnin kənarı ilə getməyə başladım. Bu zaman sahədə olan təxminən 10-12 it məni görüb hürməyə başladılar və sahənin içərisindən sahənin kənarında olan su çəninə doğru qaçmağa başladılar. İtlərin qaçdığı nöqtəyə təsadüfi halda nişan almadan atəş açdım. 10-15 metr irəli gələndə taxıl sahəsində bir uşağın yerdə hərəkətsiz vəziyyətdə uzandığını gördüm. İlk öncə həmin uşağın kiminsə tərəfindən oraya gətirilib atıldığını fikirləşsəm də, baş nahiyəsində qırmaların izlərini görüb uşağın mənim nişan almadan atəş açdığına görə xəsarət aldığını anladım. Həyəcanlı olduğumdan avtomobilə tərəf gedib oğluma zəng vurub onun təcili olaraq yaşadığımız Məmmədli kəndindəki evə gəlməsini bildirdim. Daha sonra qorxduğum üçün avtomobilə əyləşib evə getdim. Qızım həmin vaxt evdə idi və bir müddət sonra isə oğlum da gəlib çatdı. Onlara taxıl sahəsində ov silahından atəş açıb it vurmaq istəyərkən güllənin tanımadığım uşağa dəydiyini dedim. Bundan sonra oğlum təcili olaraq ora getməli olduqlarını bildirdi və onun maşını ilə qızımla birlikdə sahəyə getdik. Oğlumla maşından düşüb sahəyə getdik, qızım isə maşında gözlədi. Mən uşağın taxıl sahəsində olduğunu dedim və birlikdə oraya doğru gedəndə uşaq yerdə huşsuz vəziyyətdə uzanıqlı qalmışdı. Oğlum dərhal uşağı qucağına alıb avtomobilə doğru qaçdı və onu avtomobilin arxa oturacağına uzadıb yenidən avtomobilə əyləşib Məmmədli kəndində yerləşən “CC” marketin qarşısına gəldik. Orada oğluma polisə gedəcəyimi deyib uşağı təcili xəstəxanaya aparmasını tapşırdım və evdə namaz qılıb silahımı çantaya qoyaraq qardaşım oğluna zəng vurub məni polis bölməsinə aparmasını istədim. Daha sonra könüllü olaraq Mehdiabad polis bölməsinə gedib hadisə barədə məlumat verdim. Bir qədər sonra uşağın xəstəxanada vəfat etdiyini öyrəndim”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə vaxtı atəş açarkən uşağı görməyib, onun ailəsi ilə hər hansı düşmənçiliyi və ədavəti olmayıb.

Vəfat edən 13 yaşlı Nihadın atası da Şücaəti kəndin hörmətli ağsaqqalı kimi tanıdığını, onunla hər hansı probleminin olmadığını bildirib və ondan şikayətçi olmadığını qeyd edib.

Məhkəmə Şücaət Qurbanovu 3 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu,Sumqayıt şəhər və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.