Faiq Ağayevin deputat olmaq istəyinə jurnalistlərin fikri - FOTOLAR
    • 26-11-2018, 13:24
    • 1 781

Faiq Ağayevin deputat olmaq istəyinə jurnalistlərin fikri - FOTOLAR

Xalq artisti Faiq Ağayevin deputat olmaq istəməsi haqda yayılan xəbərlər geniş müzakirələrə səbəb olub. 

News24.az xəbər verir ki, mövzu haqda millət vəkilləri və şəhər sakinləri öz fikirlərini bildirib. 

Bu dəfə isə media sahəsində çalışan mədəniyyət və şou-biznes yazarları məsələ ilə bağlı danışıb:

Tahirə Məmmədqızı (Şərq qəzeti):

“Düşünürəm ki, Faiq Ağayev bu dəfəki seçkilərdə namizədliyini irəli sürərək özünü sınasa uğur əldə edəcək. Çünki onun intellekti, dünya görüşü, savadı, danışıq tərzi, həyata baxışı və təcrübəsi imkan verir ki, Milli Məclisdə Azərbaycan vətəndaşlarını təmsil edib onların hüquqları üçün söz demək haqqlna sahib olsun.
F.Ağayev bir çox sənət adamlarından ədəbiyyata olan bağlılığı və güclü mütaliyə qabiliyyəti ilə seçilir. Onun çıxışları hər zaman məntiqli olub və fikirləri müzakirəyə çevrilib. Ən maraqlı məqamlardan biri də odur ki, Faiq Ağayev kütləni arxasınca aparmağı bacaran şəxsiyyətdir.
Onu seçən seçicilərin maraqlarına xidmət edən siyasi fiqur kimi tanına bilər. Hesab edirəm ki, xalq artisti nə qədər səhnədə seçilməyi bacarıbsa siyasi aləmdə də fərqlənməyi bacaracaq. Bunun üçün onda təpədən dırnağa  yetəri qədər potensialı var.
əgər o, bu addımı atsa təbii ki, yanında olacağam. Faiq Ağayevlə irəli getmək və uğurlara imza atmaq mümkündür. Hər zaman onun yanındayam".


Cəvahir Nehru (Yenicağ.az):

Faiq Ağayev bəzi deputatlardan savadlı, ağıllı və intellektualdır. Niyə də yox?



Yalçın Uğur (Telegraf.com):

“Niyə də yox? Yaxşı seçim olar. Faiq Ağayev insanlarla dil tapmağı bacaran inşandı. Düşünürəm ki, vəzifə onu dəyişməyəcək. Olduğu kimi qalacaq”.

Yeganə Tuşuyeva (Showbiz.tv):

"Faiq Ağayev savadlı müğənnidir. Azərbaycan və rus dilində səlis danışa bilir. Sənətinə hörmətlə yanaşıram. O, öz sözünü deyib. Düzünü desəm onu deputat kimi görmürəm. Bunun  üçün iqtisadiyyat, siyasət, təhsil, müdafiə sahəsində biliklərə sahib olmaq vacibdir. Deputat 3 işi eyni anda görməlidir. Vətəndaşların fikirlərini vasitəçi kimi hakimiyyətə çatdırmalıdır, icra hakimiyyəti orqanları üçün nazərət  oqranı funksiyasını yerinə yetirməlidir, sadə insanları məmur və hüquq-mühafizə orqanlarının özbaşınalığından qorumalıdır. Faiq Ağayevin buna gücü çatar?"

Hacıbəy Heydərli (Azxəbər.com):

“Hər bir Azərbaycan vətəndaşının haqqıdır ki, millət vəkilliyinə namizədliyini irəli sürsün. Eyni zamanda da bilirik ki, Azərbaycan parlamentində müğənnilər, sənətkarlar təmsil olunur. Müstəqilliyimiz əldə olunandan sonra belə bir ənənəmiz var. 
Faiq Ağayev də kifayət qədər tanınan, sevilən xalq içində həm səsi həm də intellektual səviyyəsi və dünya görüşü ilə seçilən müğənnilərdəndir. 
Düşünürəm ki, onun da milli məclis seçkilərində iştirak etmək hüququ var. O da əgər özünü deputat kimi sınamaq istəyirsə biz də media olaraq hər zaman onu dəstəkləməliyk. Çünki F.Aöayev hər zaman qalmaqallardan uzaq durub. Hər zaman öz savadı ilə aktual sosial məsələlərə öz fikrini bildirir. Belə bir insanın parlamentdə təmsil olunması xalqımız üçün faydalı olar”.

Elvin Elxan (Qafqazinfo.az):

"Buna ancaq sevinə bilərəm. Azərbaycan dilində səlis danışa bilən şəxsləri vəzifədə görəndə peşəsindən asılı olmayaraq çox sevinirəm".

Rəvan Raad (Open.az):

"Faiq Ağayev 30 ildir Azərbaycan musiqisinə xidmət edən və zaman-zaman müxtəlif sosial problemlərdə öz rəyi ilə çıxış edən şəxsdir.
Onun Azərbaycan dilində səlis danışığı, yazı qabiliyyəti və savadı hər kəsə məlumdur. Düşünürəm ki, Ağayev bu vəzifədə çox faydalı olacaqdır.
Çünki müşahidəmə görə, daima cəmiyyətin gündəmə çevrilən məsələlərinə qayğı ilə və qərəzsiz yanaşaraq, sıravi vətəndaş kimi öz reaksiyasını bildirib.

Hətta sosial şəbəkələrdə belə onun qədər izləyicilərinin fikirlərinə diqqətlə yanaşan ikinci şou nümayəndəsi görmürəm.
Deputat kimi Faiq Ağayev tarixi Azərbaycan musiqisinin qayğısına qalacaq, həmçinin digər sosial problemlərdə də iştirak edəcək".

Kəmalə Əliyeva (Sputnik.az):

"Xalq artisti Faiq Ağayev uzun illər Azərbaycan mədəniyyətini nəinki ölkəmizdə hətta onun hüdudlarından kənarda da layiqincə və yüksək səviyyədə təmsil edən şəxsdir. Onun adı Azərbaycanın savadlı estrada müğənnilərinin sırasındadır.

Onun geniş müşahidə əhatəsi var və ən əsası özünü müxtəlif istiqamətlərdə inkişaf etdirib.

Buna görə də mən və həmkarlarım Faiq Ağayevi Milli Məclisin deputatı kimi görmək istəyərdik. Ölkəmizdə mədəniyyət və başqa sahələrdə öz həllini gözləyən problemlər var.  İnanıram ki, F.Ağayev aktiv deputat olacaq və oraya yeni nəfəs verəcək".


Könül İbrahim (Musavat.com):

"Faiq Ağayevin deputat olmaq istəməsi ilə bağlı açıqlaması deyə bilərəm ki, ötən həftənin ən çox müzakirə edilən və gündəmi zəbt etmiş mövzusu oldu. Məsələyə Milli Məclisdən tutmuş sadə vətəndaşlara qədər münasibət bildirdi. Onlar xalq artistinin bu istəyində qəbahət olmadığını, çoxları isə dəstək olduqlarını dedilər.

18 yaşını tamamlamış hər kəsin deputatlığa namizəd olmaq hüququ var. Faiq bəy də niyə olmasın? Xalqın sevdiyi sənətkardır, elə olmasa, xalq artisti adını almazdı. Bundan başqa mədəni, savadlı, insanlara qarşı humanist biridir. Mən onun namizədliyini dəstəkləyirəm. Düzü, tənqid edənlər, məsxərəyə qoyanlar da oldu. 5 deputatın adını bilməyənlər Faiq bəyə dil uzatdı. Kimisi dedi ki, çılpaq klipləri olub, kimisi dedi ki, o vaxt filan kəslə dalaşıb və s. Sənət adamının istədiyi klipi çəkdirməsi normaldır.

Kiminləsə də şəxsi zəmində davası olub, bunun da bizə aidliyi yoxdur. Əsas odur ki, bu məsələ müzakirə olunur, insanlar öz mövqelərini ortaya qoyurlar. Sosial şəbəkələrdən belə başa düşdüm ki, dəstəkləyənləri olduqca boldur. Faiq bəy öz yolundan dönməsin. Uğurlar”.


Pərviz Hüseyn:

"Düşünürəm ki, Faiq Ağayev deputat seçilsə, televiziyalarda bayağı verilişlərin, musiqilərin səsləndirilməsinin qarşısını almaq üçün mühüm tədbirlər görməyə çalışacaq, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün MM-də diləgətirilməyən yaşayış sistemi və problemlər barədə dolğun məlumat verib, bir çox diskomforluğun qarşısını almaq üçün əlindən gələni edəcək.

İndiyədək səs verməmişəm, amma Faiq bəy üçün sevə-sevə səsverməyə gedərəm".

Teymur MƏMMƏDOV