Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir- FOTOLAR
    • 18-11-2021, 11:25
    • 334

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir- FOTOLAR

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir.

News24.az-ın məlumatına görə, Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edir.

COVID - 19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejiminin qaydaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla hibrid iştirakçılıq formasında təşkil olunan Forumda iştirakçıların bir qisminin onlayn şəkildə qoşulması nəzərdə tutulur.

Forumda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, xüsusilə şəhid və qazi ailələrindən olan  uşaqların təmsilçiliyinə daha çox önəm verilir.

Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. 

Forumlar uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirilərinin nəzərə alınması və onların maraqlarının qorunması; uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq; dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də, kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir.


Keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.


Hökumət nümayəndələrinin, dövlət qurumlarının rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən Forumun foyesində uşaq hüquqlarına dair filmlər nümayiş olunur. 

Forumda müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq və yekunda uşaqların fikir və təkliflərini əhatə edən sənədlər qəbul olunacaq.
İki hissədən ibarət olacaq Forumun birinci rəsmi hissəsinin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək, davamında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümumrespublika Uşaq Forumlarının iştirakçılarına təbrik məktubu oxunacaq.

Türkiyə Cümhuriyyəti ilə tele-körpü yaratmaqla uşaqlar ürək sözlərini, təbriklərini bildirəcək.
Daha sonra 7 qrupdan ibarət müxtəlif mövzularda müzakirələr təşkil olunacaq.

İkinci hissədə qrup işləri üzrə təqdimatlar nümayiş olunacaq, qəbul edilmiş sənədlər, Forum iştirakçılarının cənab Prezidentə müraciəti, beynəlxalq təşkilatlara ünvanlanmış Bəyanat, Forumun Bəyannaməsi və Əlaqələndirmə Şurasının tərkibi səsləndiriləcək.

Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu  2014-cü ildə, IV Forumu  2017-ci ildə keçirilib.