“Qadınlara şiddətin ən dəhşətlisi cinsi istismardır” – Tanınmış mama-ginekoloq İlahə Quliyeva - Foto / Video
    • 29-11-2021, 11:58
    • 1 267

“Qadınlara şiddətin ən dəhşətlisi cinsi istismardır” – Tanınmış mama-ginekoloq İlahə Quliyeva - Foto / Video

“Qadına şiddəti fiziki, psixoloji, iqtisadi və cinsi şiddət növləri ilə dəyərləndirə bilərik. Lakin mən bu gün bir ginekoloq olaraq gündəlik təcrübəmdə rastlaşdığım və danışılması tabu sayılan bir sıra önəmli qadına psixoloji şiddətin ayrıntılarını diqqətinizə çatdırmaq istəyirəm”. 

News24.az
xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyevanın təşkilatçılığı ilə keçirilən “Qadına şiddətə son” dəyirmi-masasında çıxışı zamanı Tibb üzrə fəlsəfə doktoru, Azərbaycanın tanınmış mama-ginekoloqu  İlahə Quliyeva deyib. 
Nitqində İlahə Quliyeva dövlətimizdə həyata keçirilən strategiyanın əsas prioritetlərindən birinin də qadınların, ana və uşaqların sağlamlığı, uşaqların firavan böyüməsi, ailələrə diqqət və qayğının göstərilməsi olduğunu vurğulayıb:  “Ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamçıları olan möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu qayğının uğurla davam etdirilməsi bir daha sübut edir ki, həmin istiqamət artıq dövlətin qarşıya qoyduğu zəruri vəzifələrdən birinə çevrilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı, "Reproduktiv sağlamlığın qorunması haqqında qanunun qəbul edilməsi bunun təcəssümüdür”.

Natiq bildirib ki, qadına şiddət fiziki, psixoloji, ekonomik ve cinsi şiddət növləri ilə dəyərləndirilə bilər: “Mən bu gün bir ginekoloq olaraq gündəlik təcrübəmdə rastlaşdığım və danışılması tabu sayılan bir sıra önəmli qadına psixoloji şiddətin ayrıntılarını diqqətinizə çatdırmaq istəyirəm. Hələ Vaginal Cərrahiyyənin mərkəzi sayılan Fransada - Qadın, Ana, Uşaq Mərkəzi Universitet Baza Xəstəxanasınn Ginekologiya şöbəsində çalışdığım illər ərzində qadın sünnəti olmuş çoxsaylı Afrika ölkələri, İndoneziya, Malayziya, Hindistan və digər ölkələrin qadınları təkrari əməliyyatlar üçün bizim mərkəzə müraciət edirdilər. Onlarıın yaşadıqları dərin psixoloji və fəsadlaşmış fiziki travmalarını sözlə belə anlatmaq çox çətindir. Şükürlər olsun ki, qadın sünnəti kimi qadına şiddət ölkəmiz üçün yaddır. Lakin Azərbaycanda qadına şiddət başqa bir istiqamət alıb. Belə ki, hələ dünyaya gəlməmiş qız uşaqlarına qarşı şiddətdən başlamış, ana olduqdan sonrakı dönəmləri əhatə edən bir şiddətdən danışıram sizlərə. Bura qız cinsiyyətinə görə qadınları süni aborta təhriketmə təşəbbüsləri, oğlana hamilə qala biməmələri səbəbindən aşağılanma və hətta boşanmaları qeyd etmək olar. Sonsuzluğun səbəbinin birtərəfli qadın səbəbli olması kimi qəbul etmələr, yalnız qadınların sonsuzluğunun müayinə və müalicəsinə təşviq edilməsi, kişilərin isə diaqnostik məqsədli sadə rutin analiz belə vermək istəməməsi hələ də günümüzdə sıx görülməkdədir. Ailə qurduqdan sonra həyat yoldaşından cinsi yolla keçən infeksion xəstəliklər səbəbilə gənc qadınlarda yaranan boru mənşəli sonsuzluqdan sonra maliyyəti yüksək olan sonsuzluq müalicəsindən boyun qaçırtmaq və işin ən asanı, boşanıb yenidən ailə qurmaq və qadınını yarı yolda qoymaq kimi ailəcə qərarların verilməsinin bir ginekoloq olaraq şahidi oluram”.

Dəyirmi masanın yeganə həkim çıxışçısı olaraq İlahə Quliyeva son dönəmlərdə artan yeni tendensiyadan da söz açıb. Mama-ginekoloq bu tendensiyanın da doğumdan sonra qadın orqanizmində, xüsusən aşağı qadın orqanlarında doğum travmaları ilə əlaqəli yaranmış bir sıra xoşagəlməz halların üzə çıxması ilə bağlı olduğunu bildirib: “Təbii ki, bu kimi dəyişikliklər qadınların sosial həyatlarını pozan, özgüvən hissini azaldan, cinsi həyatlarına təsirsiz ötüşməyən ciddi bir haldır. Ailə içində qadının yerini nəzərə alsaq, analıq vəzifələri, qadınlıq vəzifələri və digər qayğılar içində qadınların yaşadıqları dərin sağlıq və psixoloji sıxıntıları təsəvvür etmək çətin deyildir. Lakin belə vəziyyətdə ana olmuş bir qadının qadınlığını aşağılamaq, cinsi həyatında doğumsonrası travma səbəbilə yaranmış məmnunsuzluqların 21-ci əsrdə kişi tərəfindən qadının üzünə vurulması, qadınlığının aşağılanması, dəstək olub mütəxəssis yanına müalicəyə aparmaq əvəzinə qadından uzaqlaşmaq, xəyanətlərə yol vermək və bunu da əsaslandırmaq qadına vurulan ən ağır psixoloji bir zərbədir. Belə bir ailədaxili şiddət yaşayan qadın necə xoşbəxt ola bilər və necə xoşbəxt övlad böyüdə bilər?

Nə yazıq ki, bölüşülməsi utanc hissi yaradan problemləri olan çox saylı çarəsiz, depressiv, özünə güvəni azalmış hər sahədə çalışan təhsilli və təhsilsiz xanımlarımız vardır. Məhz bu səbəbdən də xanımlarımıza yüksək peşəkarlıqda xidmət verən Doğum sonrası reabilitasiya və Estetik Ginekoloji mərkəz yaratdıq. Ən son nəsil lazer texnologiyaları ilə əməliyyatsız prosedurlarla bu kimi problemlərin aradan qaldırılması və habelə vaginal əməliyyatlarla ağır doğum travmalarının müalicəsini uğurla aparırıq. Doğumsonrası reabilitasiya və Estetik Ginekoloji Mərkəz olaraq qadın sağlığının bərpa olunması, özəl həyatlarındakı bölüşülməsi çətin olan, lakin ailə həyatlarının özəyini təşkil edən cinsi problemlərinin aradan qaldırılması, özgüvən hissinin artması, depressiyadan uzaq bir sağlam qadın həyat obrazı əsas hədəflərimizdəndir. Sadəcə bu sahədə insanları maarifləndirməyə ehtiyac vardır.

Bu multidissiplinar problemin öhdəsindən biz yalnız birlikdə gələ bilərik! Sağlam qadın, sağlam ailə, sağlam gələcək deməkdir. Qadına şiddətə son deyək və gələcəyə inamla addımlayaq!” 

Qeyd edək ki, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşkilatçılığı ilə baş tutan dəyirmi-masa Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ombudsman Aparatının rəsmi tərəfdaşlığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.