Helikopter qəzasında yaralanan sərhədçi: “Eniş zamanı birdən-birə İDARƏETMƏNİ İTİRDİK, sürətlə...
    • 1-12-2021, 17:30
    • 462

Helikopter qəzasında yaralanan sərhədçi: “Eniş zamanı birdən-birə İDARƏETMƏNİ İTİRDİK, sürətlə..."

“Noyabrın 30-da praktik atışlı təlim məşq uçuşları olmalı idi. Səngəçal aerodromundan “Qaraheybət” aviasiya poliqonuna getməli idik. Helikopter enişi yerinə yetirən zaman qəza baş verdi”.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu ötən gün helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

O bildirib ki, helikopterdə heç bir nasazlıq olmayıb: “Helikopter yerə çırpılan zaman ikimiz də bayıra atıldıq. Başqa heç nə yadımda deyil. Heç bir şübhəli məqam yox idi. Nə küləklə bağlı, nə də yüklə bağlı heç bir məhdudiyyət aşılmamışdı”.

O deyib ki, qəza zamanı ayağı əzilib və sol qolunda sınıq var.

Qəza zamanı xəsarət alan kapitan Ramin Ədilov isə qeyd edib ki, helikopterdə 24 nəfər əyləşə bilər: “16 nəfər şəxsi heyət vardı. Hər şey qaydasında idi. Eniş zamanı birdən-birə idarəetməni itirdik, sürətlə yerə çırpıldıq”.

Ramin Ədilov helikopterin qəzaya uğraması ilə bağlı hər hansı bir kənar müdaxiləni istisna edib.