“Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir” - Hikmət Hacıyev
    • 2-12-2021, 15:25
    • 503

“Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir” - Hikmət Hacıyev

“Soçidə Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə toplantı keçirilib və Azərbaycan tərəfindən bu görüşün nəticələri yüksək qiymətləndirilir”.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, görüşün nəticəsində qəbul edilən bəyanatda nəqliyyat dəhlizlərinin açılması ilə bağlı məqamı xüsusi qeyd edib: “Bu, xüsusən Zəngəzur dəhlizi il əlaqədar olan məsələlərdir. Bu xüsusda da qeyd olunur ki, qısa müddətdə Azərbaycan, Ermənistan və Rusiya arasında yaradılmış işçi qrup çərçivəsində tezliklə görüş keçirilsin. Belə bir görüş də dünən Moskva şəhərində baş tutub”.

H. Haclyev qeyd edib ki, bəyanatdan irəli gələn digər məsələlər üzrə də tərəflər arasında müzakirələr aparılır: “Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında sərhədlərimizin delimitasiyası və demarkasiyası prosesini aparmağa hazırdır. İlk növbədə Ermənistan özü reallığı dərk etməli və başa düşməlidir ki, işğal siyasətinə görə 30 il ərzində sərhəd fəlsəfəsini və ideyasını başa düşmək vəziyyətində olmayıblar. Azərbaycan əraziləri işğal altında olduğu müddətdə onlar üçün sərhəd sanki təmas xəttindən başlayırdı, bu da işğalçılıq siyasətinin bir nəticəsidir. Amma bu gün yeni bir reallıq var, Azərbaycan sərhədləri var. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətində Azərbaycan sərhədləri təsbit olunub. Ermənistan da bu sərhədlərə hörmət etməlidir. Soçi görüşündə qəbul edilmiş bəyanatdan və aparılmış intensiv müzakirələrdən çıxış edərək digər məsələlərin də irəli aparılması üçün təmaslar davam etdirilir”. /APA/