Azərbaycanla Rusiya  arasında Xəzər dənizi məsələləri müzakirə edilib
    • 5-07-2019, 12:31
    • 1 257

Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri müzakirə edilib

Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iclasda ölkəmizi Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini Rusiya Federasiyası Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov təmsil edib.

Məsləhətləşmələr zamanı tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələlərlə bağlı müzakirələr baş tutub və Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsində açıq qalan məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
  
Həmçinin məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini X.Xələfov ilə Rusiya Federasiyasının Xarici İşlər nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru Denis Qonçar arasında görüş keçirilib.

Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığı bildirilib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər mövzular da tərəflər arasında müzakirə olunub.