Komitə sədri: "Maarifləndirici televiziya verlişlərinin sayı artırılmalıdır"
    • 26-11-2018, 10:50
    • 829

Komitə sədri: "Maarifləndirici televiziya verlişlərinin sayı artırılmalıdır"

"Ölkədə maarifləndirici televiziya verlişlərinin sayı artırılmalıdır".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara və Qızlara qarşı zorakılığa son" adlı 16 günlük fəallıq Kampaniyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, KİV-lər tərəfindən hazırlanan xəbərlər reytinq xatirinə olmalı deyil, məişət zorakılığı bir problem kimi göstərməlidirlər: "Jurnalistlərin yazıları da maarifləndirici olmalı, insanları düşündürməlidir".
H.Hüseynova qeyd edib ki, problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etmək üçün bütün rayonların İcra hakimiyyətləri yanında monitorinq qrupları yaradılıb: "Mütəmadi olaraq aparılan təlimlər, görüşlər nəticəsində qrup üzvlərinin aktivliyi müahidə olunur və onlar zorakılığa məruz qalan insanlara daha operativ şəkildə yardım edir, zorakılığı törədən insanlara qarşı müvafiq tədbirlər görürlər".
Sədr qeyd edib ki, qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların iş həyatına qoşulması, təhsillərini artırmaq üçün imkanlar daha da genişləndirilməlidir: "Qadın və qızlar bütün sahələrdə irəli çəkilməli, onlara bərabər çıxışlar yaradılmalıdır. Öz hüquqlarını bilən, gücünə inanan qadın hər zaman ailədə də, cəmiyyətdə də özünü ifadə etməyi bacaracaq. Və o zaman zorakılığın müxtəlif formalarının aradan qaldırılması daha real olacaq. Buna görə də məlumatlılığın artırılması üçün maarifləndirmə kampaniyaları daha da gücləndirilir. Biz görürük ki, artıq məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq artıb. Xüsusilə də belə tədbirlərin regionlarda keçirilməsi çox mühümdür".

//Report