Hicran Hüseynova qadınlara qarşı cinayətlərin sayını açıqladı
    • 6-11-2018, 17:00
    • 1 575

Hicran Hüseynova qadınlara qarşı cinayətlərin sayını açıqladı

Dünyada gedən proseslərə baxmayaraq, Azərbaycan heç bir sosial proqramlardan geri qalmır. 2019-cu ilin büdcəsi də digərləri kimi sosialyönümlüdür. 

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova parlamentdəki büdcə müzakirələrində deyib. 

Komitə sədri bildirib ki, çətin həyat şəraitində yaşayan uşaqların müdafiəsi üzrə operativ xidmətin yaradılması əsas problemlərdən biridir: 
“Rayon icra hakimiyyətlərində cəmi iki şəxs bu məsələlərə baxır. Bu ştatların sayı çoxaldılmalıdır. Bundan başqa, çətin vəziyyətdə yaşayan uşaqların sosial müdafiəsi ilə bağlı operativ qiymətləndirmə və yerləşdirmənin həyata keçirilməsi məqsədilə icra hakimiyyətlərində müvafiq komissiyaların sayı da artırılmalıdır”. 

Zorakılıq hallarının aşkarlanması ilə bağlı “qaynar xətlər”in yaradılması vacibliyini dilə gətirən komitə sədri söyləyib ki, bütün dünyada belə “qaynar xətlər” fəaliyyət göstərir: 

“Zorakılıqla üzləşən şəxslər üçün sığınacaqlar yaradılmalıdır. Küçə həyatına məruz qalan uşaqların, xüsusilə də qaraçı tayfasından olan uşaqların problemləri dünyada və ölkəmizdə həllini gözləyən məsələlərindən biridir”. 

H.Hüseynova vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Fondun kimsəsiz, yetkinlik yaşına çatmayan uşaqlar üçün reabilitasiya mərkəzləri var:

“Lakin 18 yaşdan yuxarı şəxslər üçün sosial sğınacaqların sayı az olduğundan onların ehtiyacları ödənmir. Bundan əlavə, məişət zorakılığından əziyyət çəkənlər üçün xüsusi proqramlar nəzərdə tutulmalıdır. Ölkədə dövlət yardım mərkəzləri yoxdur. 10 qeyri-dövlət mərkəzləri var ki, onlardan da yalnız ikisi daimi fəaliyyət göstərir”. 

Erkən nikah hallarının qarşısının alınması istiqamətində bir neçə çətinliklərin yarandığını deyən komitə sədrinin sözlərinə görə, bu çətinliklərdən biri rayon və kəndləri birləşdirən nəqliyyatın olmamasıdır:

“Belə ki, rayon və kəndləri birləşdirən nəqliyyat vasitəsi olmadığından valideynlər qızlarının məktəbə getməsinə qarşı çıxırlar. Uşaq və ailələrə dəstək mərkəzlərinin potensialının artırılmasına ehtiyac var”. 

H.Hüseynova qeyd edib ki, 2017-ci ildə ölkədə sağlamlıq imkanları məhdud uşaqların sayı 7 min 934 nəfər olub:
“Bu, ölkə üzrə uşaqların cəmi 2,7%-ni təşkil etməsinə baxmayaraq, son beş ildə sağlamlıq imkanları məhdud uşaqların sayında artım müşahidə olunur. Azərbaycanda qadınlara qarşı 2015-ci ildə 248, 2016-cı ildə 2221, 2017-ci ildə 2145, 2018-ci ilin birinci rübündə isə 549 cinayət faktı qeydə alınıb ki, buna diqqət ayrılmalıdır”.

//Oxu.az