Bakıda yüksək vəzifəli şəxsin bacısından 2 milyon manat alan falçının FOTOLARI

Bakıda yüksək vəzifəli şəxsin bacısından 2 milyon manat alan falçının FOTOLARI
HADİSƏ

7-12-2021, 17:47

Mətn ölçüsü

Bir müddətdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinə uzun illər rəhbərlik etmiş, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayevaya qarşı dələduzluq hadisəsi gündəmdən düşmür.

News24.az K.Həsənovun bacısı Rəna Ağarzayevanı aldadaraq 2 milyon manata yaxın pul alan falçı Şəfəq İsmiyevanın fotolarını təqdim edir.



Qeyd edək ki, bu hadisə üzrə məhkəmə prosesi başa çatıb və ötən həftə dələduzluq əməlində ittiham olunan iki nəfərin işi üzrə məhəmə istintaqı başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edib, Ceyhun Zeynallının 13, Şəfəq İsmiyevanın 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Çıxışda ev dustaqlığında olan İsmiyevanın məhkəmə zalında həbs edilməli olduğu deyilib.

Belə ki, adları çəkilən şəxslərə Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülmüşdü. İttihamda Şəfəq İsmiyevanın “Instagram”da səhifə açaraq özünü Maya adlı falçı kimi təqdim etdiyi yazılıb. Rəna Ağarzayeva onun xidmətinə ehtiyac duyub. Kərəm Həsənovun bacısının əri Sənan Ağarzayev zərərçəkmiş kimi tanınıb. Onun sözlərinə görə, iki il ərzində Şəfəq İsmiyevaya 1 milyon 998 min manat ödəyiblər. Ziyanın yalnız 293 min manatı geri qaytarılıb. Sənan Ağarzayev təqsirləndirilənlərin uzun müddət həbs həyatı yaşamağındansa, ziyanın ödənilməsini istədiyini deyib.

Şəfəq İsmiyeva əvvəlki ifadələrində Rəna Ağarzayevadan 1 milyon 400 min manat aldığını bildirmişdi. Amma təqsirləndirilən şəxs son məhkəmə iclasında məbləği dəqiq xatırlamadığını qeyd edib: “Ola bilər ki, dedikləri qədərdir”.

Şəfəq İsmiyeva ilkin izahatında Rəna Ağarzayevanı təkbaşına aldatdığını demişdi. Sonradan ifadəsini dəyişib, cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törətdiyini bildirib. O, məbləğin boyük hissəsini Ceyhuna verdiyini iddia edib. Şəfəq İsmiyevanın sözlərinə görə, hətta pul arxasınca da bir neçə dəfə birlikdə gediblər.

Ceyhun Zeynallı özünü təqsirli bilmir. O, Şəfəq İsmiyevanın böhtan atdığını deyib. Ceyhun Zeynallı keçmiş sevgilisinin dəfələrlə xaricə pul göndərdiyini, bunu banklardan tranzaksiyaları yoxlamaqla müəyyənləşdirmək mümkün olduğunu bildirib.

Təqsirləndirilən şəxslərin münasibətlərdən bir qızı doğulub. Şəfəq İsmiyeva məhkəmə dövründə ikinci övladını dünyaya gətirib. Amma Ceyhun Zeynallı həmin uşağın atası olmadığını dilə gətirib. O, atalığın müəyyən edilməsini istəyir.

Bu iş üzrə istintaq Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılıb.
Məlumata görə, Ş.İsmiyeva həbs edilməmək və işi uzatmaq üçün yenidən hamilə qalıb.

Məhkəmə prosesi dekabrın 15-də vəkillərin çıxışı və təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.