Bakıda şok hadisə - Vətən müharibəsi iştirakçısı atasına görə qanlı CİNAYƏT TÖRƏTDİ
    • 8-12-2021, 11:41
    • 897

Bakıda şok hadisə - Vətən müharibəsi iştirakçısı atasına görə qanlı CİNAYƏT TÖRƏTDİ

Bu ilin 7 iyul tarixində Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində Vətən Müharibəsi iştirakçısı, “Qubadlının azad edilməsinə görə” medalı ilə təltif edilmiş 1998-ci il təvəllüdlü Seymur Yunusov atasının tanışı Adil Abdullayev adlı 
şəxsi bıçaqlayıb.

News24.az-ın məlumatına görə, gecə saatlarında A.Abdullayev Seymurun yaşadığı evə gələrək onun atası Sərdara borc verdiyi 80 manatı geri qaytarmasını tələb edib. Onlar küçədə mübahisə edərkən Seymur bıçaq götürərək evdən çıxıb və atasından borcunu tələb edən Adilə hücum edərək ona bıçaqla ağır xəsarət yetirib.

S.Yunusov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb və o, həbs edilib.

Dekabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seymur Yunusov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesin yekununda S.Yunusovun məhkəmə zalındaca həbsdən azad edilməsinə, ona 2 il sınaq müddətinin təyin edilməsinə qərar verilib.

Məhkəmədə Adil Abdullayev Seymuru bağışladığını, onunla barışdığını və qarşı tərəfdən tələb və ya şikayətinin olmadığını bildirib.

Təqsirləndirilən şəxs isə Adilin ondan bədəncə böyük olmasına görə və ondan qorxduğu üçün bıçaqla xəsarət yetirdiyini deyib:
“Adili şəxsən tanımamışam, qonşuluqda yaşayan Yaşarın qardaşı olduğunu bilmişəm. 07 iyul 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evin həyətində oturub qarpız kəsərkən Adilin atam Sərdarı çağırdığını eşitdim, atam həyətə çıxdı. Sonra həyətdən Adilin atamla əsəbi halda danışdığını eşidib, qarpız kəsdiyim bıçaqla küçəyə çıxdım. Adil ilə atam bir qədər kənarda söhbət etdikləri üçün söhbətlərinin məzmununu eşitmədim, lakin, Adilin hərəkətlərindən hiss etdim ki, atamla kobud tərzdə rəftar edir. Bu səbəbdən də Adilə yaxınlaşıb atamla əsəbi və kobud tərzdə danışdığına görə irad bildirdikdə, Adil mənə yaxınlaşıb, üzbəüz dayanıb başını mənim başıma söykəyərək məni hədələdi, cavanlığımı məhv edəcəyini dedi. Adil məndən fiziki cəhətdən qüvvətli olduğunu görüb, məni vuracağından ehtiyat edib, əlimdə tutduğum bıçaqla onun qarın nahiyəsinə bir dəfə zərbə endirib kənara çəkildim. Adil isə qaçıb oradan uzaqlaşdı. Bundan sonra bıçağı küçədə atıb evə qayıtdım. Evdə paltarımı dəyişib atamla birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə gedib, baş vermiş hadisə barədə məlumat verdim. Mən bıçaqla küçəyə məqsədyönlü şəkildə çıxmamışdım və Adili öldürmək niyyətim olmayıb. Adilin məni vuracağından ehtiyat edib onu qorxutmaq istəmişəm. Əməlimdən peşmanam”.

İstintaq zamanı o da məlum olub ki, hadisədən sonra Seymur atası ilə polis bölməsinə getdikdən sonra bıçaqlanmış şəxs onların evinə gəlib və anası, bacısı ilə mübahisə edib.