“Ürək edib həmin səsə qulaq asa bilmirəm...” – Şəhid pilotun atası - FOTO/VİDEO
    • 9-12-2021, 17:50
    • 3 843

“Ürək edib həmin səsə qulaq asa bilmirəm...” – Şəhid pilotun atası - FOTO/VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) “Mi-17” tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbçilərimizdən biri də, kapitan Xəyyam Əliyevdir.

News24.az olaraq şəhidimizin xatirəsini yad etmək üçün atası Əlixan Əliyevlə həmsöhbət olduq.


Xəyyamın ilk övladı olduğunu deyən Ə.Əliyev dekabrın 17-də övladının 31 yaşının tamam olacağını bildirib: “O, 1990-cı il 17 dekabrda Əmircan qəsəbəsində anadan olub. Orta təhsilini qəsəbənin 254 nömrəli məktəbində, ali təhsilini isə Milli Aviasiya Akademiyasında alıb. Rus və ingilis dillərini bilirdi”. 

Şəhid atası hər gün övladı ilə maraqlandığını, ona tez-tez zəng vurduğunu deyib: “Hər səhər 6-da durub işə gedirdi, qapının səsini eşidirdim. Həmin qəza olan günü də zəng etmişdim. Telefonum səsləri yaddaşa yazır. Ancaq ürək edib həmin səsə qulaq asa bilmirəm. Xəyyamın özündən kiçik bir qardaşı da var, adı Fərmandı. 3 yaş qardaşından kiçikdir. Hər ikisi cəbhəyə yollanmışdılar. Müharibədən sağ qayıtdılar, amma..”.

O, övladını özü evləndirdiyini, Xəyyamın seçiminə qarşı çıxmadığını dilə gətirib: “Ailəli idi, iki yaşında oğlu mənə əmanət qaldı. İndi çox az gənc valideynlərinin tövsiyəsi ilə evlənir. Övladlarımın hər ikisinə kimi rəva bilmişəm, həmin insanlarla evləniblər. Xəyyam ailəsində də çox xoşbəxt idi. Hərdən düşünürəm ki, bəlkə də gözə gəldi. 3 ildən çox idi ki, evlənmişdilər, bir dəfə də olsun ailələrində söz-söhbət olmayıb. 

Əlixan Əliyev övladına çox bağlı olduğunu deyib: “Xəyyam mənə həm ata, həm övlad, həm qardaş, həm də dost olub. Bütün sirrlərimi o bilirdi. Böyük kişi idi, ancaq bununla belə hər gün işdən gələndə məni öpüb-qucaqlayırdı. Mən onunla nəfəs alırdım”.

Təqaüdə çıxmağına onun da, mənim də 10 ilimiz qalmışdı. Məlumdur ki, hərbçiləri xaricə buraxmırlar. Deyirdi ki, “hərbi xidməti başa vurub, dünyanı qarış-qarış gəzmək istəyirəm”. İkimizin də arzumuz bu idi ki, maşınla dünyanı gəzək. Bunu çox istəyirdi, arzusu ürəyində qaldı. 
Allahdan arzu edirəm ki, sonuncu şəhid mənim övladım olsun...”

Allah rəhmət eləsin!

Müxbir: Məhərrəm Əliyev
Video: Nicat Niftəliyev