Baş Prokurorluqda Heydər Əliyevə həsr olunan tədbir keçirildi - FOTO
    • 11-12-2021, 12:44
    • 334

Baş Prokurorluqda Heydər Əliyevə həsr olunan tədbir keçirildi - FOTO

Dekabrın 11-də Baş Prokurorluqda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra Baş Prokurorluğun inzibati binasında baş tutmuş mərasimdə çıxış edən Baş prokuror diqqətə çatdırıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, onun müstəqilliyinin, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri əvəzedilməz və danılmazdır.

Bildirilmişdir ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyev bütün ömrü boyu Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyunun 15-də hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli məqsədilə mötəbər hüquqi bazanın yaradılmasında, eləcə də BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair müvafiq qətnamələrin qəbul edilməsində mühüm rol oynayıb.

Qürurla bildirilib ki, həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub.

Çıxışının yekununda böyük minnətdarlıq hissi ilə Baş Prokuror qeyd etmişdir ki, Ulu öndərin siyasi, iqtisadi, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, beynəlxalq sahədə gördüyü tədbirlər tarixə qızıl hərflərlə həkk olunmuş bugünkü zəfərin əldə edilməsinə yönəlib.

Bundan sonra Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev “Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda çıxış edib.

Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı İlham Əliyev əmin edilib ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.