Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Misirdə səfərdədir
    • 12-12-2021, 11:16
    • 460

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Misirdə səfərdədir

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları Misirdə səfərdədir.

Komitədən New24.az verilən məlumata görə, səfər çərçivəsində DİDK əməkdaşlarının ölkəmizin Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevlə görüşü keçirilib.

Səfirliyin diasporumuzun Misirdəki fəaliyyətini hər zaman dəstəklədiyini nəzərə çatdıran diplomat ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərindən danışıb, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini, yerli cəmiyyətə sıx inteqrasiya etməsini, Misirin dövlət orqanları, elmi, mədəni və media çevrələri ilə əməkdaşlıq əlaqələri qurmasını müsbət qiymətləndirib. Bu sahədə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətini xüsusi vurğulayan səfir qeyd edib ki, soydaşlarımız Azərbaycanın tarixi həqiqətlərini, zəngin mədəniyyətini, adət-ənənələrini, turizm potensialını və milli mətbəximizi Misirdə layiqincə təbliğ edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını səfirə çatdıran komitənin Aparat rəhbəri Daşqın Rəcəbli diaspor quruculuğu sahəsində aparılan işlər, həyata keçirilən layihələr barədə müfəssəl məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişləri əsasında diaspor quruculuğunun yeni inkişaf mərhələsinə qədəm qoymasından, əhatə dairəsinin genişlənməsindən, soydaşlarımızın daha mütəşəkkil şəkildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmalarından danışıb. Bildirib ki, Vətən müharibəsində qazandığımız parlaq qələbə soydaşlarımızın koordinasiyalı fəaliyyətinə müsbət təsir göstərib. Hazırda diaspor təşkilatları və Azərbaycan icmaları tarixi Vətənlərinə daha çox töhfə vermək istəyi ilə çalışırlar. Eyni zamanda DİDK ilə səfirliyin birgə əməkdaşlıq əlaqələri müsbət qiymətləndirilib.