Prezidentin ad günü münasibətilə ağacəkmə aksiyası keçirildi - FOTO/VİDEO
    • 27-12-2021, 17:20
    • 739

Prezidentin ad günü münasibətilə ağacəkmə aksiyası keçirildi - FOTO/VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, "Cəmiyyətin və Medianın İnkişafı" İctimai Birliyinin rəsmiləri və media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası baş tutub. 

News24.az xəbər verir ki,  aksiya Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar Xocasən gölü ətrafında keçirilib. 
Ağacəkmə aksiyasına Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev, sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi, olimpiya çempionu Namiq Abdullayev, stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahəddinova qatılıb.
Aksiya iştirakçıları bu tip tədbirlərin ekologiyaya və sağlam həyata verdiyi töhfələrdən söz açıblar. 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev
nazirliyin dövlətin ekoloji siyasətini həyata keçirdiklərini və ağacəkmə kampaniyalarının bu yöndəki fəaliyyətin bir hissəsi olduğunu vurğulayıb: “Könülaçan işlərimizin ən başlıcası ağac əkməkdir. Ekoloji təbliğatın yayılmasında medianın müstəsna xidmətləri var. Hazırda ağaclar əkdiyimiz bu ərazi 75 hektardır. Burada ən çox zeytun ağacları əkilib. Qeyd edim ki, bu ərazi “damcılama sistemi” ilə suvarılır. Burada ağacların bitmə faizi 98-dir. Ən böyük arzumuz isə işğaldan azad edilən ərazilərdə də belə aksiyaların keçirilməsidir. Biz gələn illər üçün bunu hədəfləmişik. Bilirsiniz ki, möhtərəm Prezidentin tapşırığına uyğun olaraq böyük qayıdışın tərkib hissələrindən biri də ekologiyanın, ətraf-mühitin sağlamlaşdırılması ilə bağlı görüləcək işlərdir”.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov bu tip layihələrin davamlı olacağına inandığını bildirib: “Bu, bizim birgə növbəti layihəmizdir. Düşünürük ki, bu, davamlı olacaqdır. Ağacəkmə kampaniyası ona qatılanların mənəvi, həm də qurumların birgə həmrəyliyinin təcəssümüdür”.

Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev aksiyanın gözəl təşəbbüs olduğunu deyib: “Çox sevinirəm ki, bu gün burada mən də iştirak edirəm.  Hər kəsin bir ağac əkməsi təbiətimizə bir qatqı, ekologiyamızın təmizliyi yönündə bir addımdır. Bəzən insanlarımız ağacların kəsilməsindən də şikayət edirlər. Bunun qarşısı alınmalıdır”.

"Cəmiyyətin və Medianın İnkişafı" İctimai Birliyinin sədri, aparıcı Lalə Azərtaş da ağacəkmənin vacibliyindən danışıb: “Ağac əkmə çox nəcib nəcib və xeyirxah əməldir. Bu aksiya əbəs yerə bu günə təsadüf etməyib. Ölkədə bir neçə əhəmiyyətli tarix qeyd olunur. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin 60 illik yubileyi, qarşıdan gələn həmrəylik günü və yeni il. Aksiya bu özəl günləri də özündə ifadə edir. Onu da deyim ki, bu əraziyə baxanda onun əvvəlki vəziiyətini xatırlayıram və burada necə böyük və xeyirxah işlərin görüldüyünün fərqinə varıram. Bu uğurlu və nəcib işlərə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür edirəm”. 

Teymur MƏMMƏDOV

FOTO/VİDEO: Nicat NİFTƏLİYEV