Qazaxıstan ÇALXALANIR: Xalqın hürr iradəsi, yoxsa xarici qüvvələr? – PƏRDƏARXASI DETALLAR
    • 5-01-2022, 18:17
    • 942

Qazaxıstan ÇALXALANIR: Xalqın hürr iradəsi, yoxsa xarici qüvvələr? – PƏRDƏARXASI DETALLAR

Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı keçirilən etiraz aksiyaları səngimək bilmir. Yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Aktobe şəhərində polis əməkdaşları aksiya iştirakçılarının tərəfinə keçib və aksiyanı dağıtmağı dayandırıblar. Eyni zamanda, avtobus sürücüləri də aksiyaya qoşulub və küçələri nəqliyyat vasitələri ilə bağlayıblar. Etirazçılar Almatı vilayətinin hökumət binasını ələ keçiriblər. Qazaxıstan hökuməti istefa verib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-i hökumətin istefasını qəbul edib. 

Məlumata görə, indiki hökumət üzvləri yeni kabinet formalaşanadək vəzifələrinin icrasını davam etdirəcəklər. Alixan Smailov müvəqqəti olaraq Qazaxıstanın Baş naziri vəzifəsini icra edəcək. Smailov bu vəzifəyə qədər Baş nazirin birinci müavini olub.

Bəs, görəsən Qazaxıstandakı etirazlar xalqın təbii etirazıdır, yoxsa xarici təsir dairələri var?

Ekspertlər prosesi News24.az-a şərh edib.


Politoloq Elxan Şahinoğlu saytımıza açıqlamasında bildirib ki, hər zaman bu cür hadisələrdə kənar əl axtarmaq doğru deyil: “Hadisənin baş vermə səbəbi bəllidir. Qazaxıstan hökuməti özü artıq tədbirlər görüb. Bu, təbii yaranan etiraz dalğasıdır. Ancaq istisna deyil ki, bu cür hadisələrdən sonradan hansısa xarici qüvvələr də istifadə etməyə çalışır. Biz bu prosesi “Ərəb baharı”nda da gördük. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi Qazaxıstan prezidentindən asılıdır. İnsanların tələbləri önəmlidir. Narazılığın ortadan qaldırılması üçün addımlar atılmalıdır. İslahatlara start verilməlidir. Bunlar olarsa, təhlükədən qurtulmaq olar. Ancaq tələblər nəzərə alınmasa, baş verənlərdən xarici qüvvələr istifadə etməyə çalışacaq”.  

Politoloq Zaur Məmmədov isə bildirib ki, Qazaxıstanda baş verənlərlə bağlı son hadisələr onu göstərir ki, burada iqtisadi tələblər və xalqın sosial vəziyyəti mərkəzdə olan mövzu deyil: “Bəli, Qazaxıstanda dünyanın digər ölkələrində olduğu kimi son iki il ərzində iqtisadi və sosial sferalarda geriləmə hiss olunur. Ancaq bu, oradakı əhalinin vəziyyətinin kifayət qədər ciddi formada pisləşməsi, qiymətlərin maksimum həddə qalxmasına səbəb olmayıb. Qiymət artımını əlində bayraq edənlər, sosial vəziyyətdən gileylənənlər bu məsələlərdən bəhanə kimi istifadə edirlər. Proseslərə diqqət yetirsək, görərik ki, Qazaxıstanda etirazlar adətən fəhlə, işçi qrupları tərəfindən tərəfindən gerçəkləşdirilir. Maraqlı sual ondan ibarətdir ki, niyə həmin fabrik və zavod rəhbərləri və ya üst dairələr ötən illər ərzində bu boşluqları aradan qaldırmayıb? Buna kim mane oldu? Digər tərəfdən Qazaxıstanda hüquq- mühafizə orqanları və mitinqlərin təşkilatçıları arasında yumşaq siyasət özünü büruzə verib”. 


Ekspert xarici dairələrin qıcıqlanmasının səbəblərini belə izah edib: “Tokayevin son zamanlar apardığı siyasət Qazaxıstanın Türk Dövlətləri Təşkilatında vacib rol oynamasına şərait yaratdı. Bundan əlavə, Türkiyə və Qazaxıstan arasında inkişaf edən münasibətlər, Tokayevin vizual məlumatlarda, reklam lövhələrində, qiymət etiketlərində, menyularda, yol nişanlarında, kənd və tarixi yerlərin adlarında rus dilinin məcburi istifadəsinin ləğvi ilə bağlı qərarı və qazax dilinin ön plana keçməsi xarici qüvvələri bərk narahat edib. Ümumiyyətlə, Qazaxıstanın güclənməsini istəməyən bəzi xarici dövlətlər orada vəziyyətin gərginləşməsində və bununla da siyasi hakimiyyətə təzyiq edilməsində maraqlıdır. Xarici ölkə medialarının Qazaxıstandakı hadisələrlə bağlı verdiyi reaksiyalar da maraqlıdır. Bəzi KİV-lər qeyd edir ki, hadisələrin arxasında ABŞ dayanır. Lakin ABŞ-ın bu hadisələrdə maraqlı olacağını düşünmürəm. Doğrudur, Qazaxıstanda olan 16 min qeyri-hökumət təşkilatının çoxunun arxasında Soros fondu dayanır. Ancaq ABŞ özü və Avropa İttifaqı Qazaxıstanda hakimiyyət dəyişikliyində maraqlı deyil. Çünki Tokayev kifayət qədər ciddi formada Qərbin maraqlarını nəzərə alır. 

Burada Çin-Rusiya-Qazaxıstan üçlüyü arasında baş verənləri də təhlil etmək lazımdır. Eyni zamanda, Qazaxıstan daxilində irqlərası qruplar arasında mübarizə gedir. Nazarbayevin qızı ilə Tokayevin komandası arasında gedən mübarizə əsas predmetlərdən biridir. Hər halda Qazaxıstandakı hadisələr bir daha göstərdi ki, bütün dünyada xalqlar çox ayıq olmalıdır. Onlar düşünə bilərlər ki, küçəyə çıxmaqla hansısa hadisələrə ağalıq edirlər, ancaq həmin o küçəyə çıxan təxribatçıların arxasında olan və məsələdən agah olmayan sadə xalqın nümayəndələri qurban rolunu oynayırlar. Əsas hədəf Qazaxıstan dövlətçiliyini zəiflətməkdən ibarətdir. Buna heç cür imkan vermək olmaz. Qazaxıstanın ərazi bütövlüyünün toxunulmazlığı, dövlətçiliyinin qorunması çox vacib amildir. Son dövrlərdə Qazaxıstan dövlətinin inkişafı üçün çox mühüm vacib qərarlar qəbul edilib. Bundan sonra da Qazax xalqı hakimiyyətin ətrafında birləşərək inkişafa doğru addımları atmalıdır”.