“İmtahana 1 ay qalıb, dərslərin heç YARISI ÖYRƏDİLMƏYİB” - Valideynlərdən DİM-ə SƏRT REAKSİYA
    • 10-01-2022, 16:50
    • 508

“İmtahana 1 ay qalıb, dərslərin heç YARISI ÖYRƏDİLMƏYİB” - Valideynlərdən DİM-ə SƏRT REAKSİYA

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 və 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının mart ayında olacağı ilə bağlı saytımıza məlumat daxil olmuşdu. Məlumatı dəqiqləşdirmək üçün yanvarın 6-da tarixində qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. DİM-in mətbuat katibi Xanlar Xanlarzadə saytımıza danışaraq buraxılış imtahanların qrafikinin hələ müəyyən olunmadığını qeyd etdi. Ancaq dünən sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ildə keçirilməsi nəzərdə tutulan imtahanların təqvimi yayıldı. Təqvimin yayılması bir sıra müzakirələrə səbəb oldu. Ən çox müzakirə olunan məsələ isə təqvimin mətbuata necə yol tapması və builki buraxılış imtahanlarının mart, aprel ayında keçirilməsidir.

Bu gün isə Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçiriləcəyini açıqlayıb. Qərar valideynlərin və şagirdlərin narazılığına səbəb olub. Valideynlər dərs proqramının şagirdlərə tam mənimsədilmədiyini bildirirlər.


Təhsil eksperti Kamran Əsədov DİM-in qərarı ilə bağlı narazılığını dilə gətirib.


O News24.az-a açıqlamasında bildirib ki, bu il keçiriləcək imtahanların vaxtlarının qeyri-rəsmi olaraq ictimaiyyətə sızdırılması və sonradan öz təsdiqini tapması müvafiq qurumların qeyri-peşəkarlığından irəli gəlir:

“Beynəlxalq təcrübəyə görə imtahanlar imtahanlar keçirildiyi vaxtdan ən az 6 ay öncə elan edilməlidir. Bizdə isə uzun illərin təcrübəsi göstərir ki, DİM qrafiki imtahan gününə az qalmış elan edir. Bu isə imtahana hazırlaşanlara əlavə çətinliklər yaradır. Əvvəlki illərin tərcübəsində gördük ki, 11-ci siniflər üçün imtahanlar aprel-may aylarında, 9-cu siniflər üçün isə bir az sonra keçirilir. DİM pandemiyanı nəzərə alaraq proqramı bir az tezləşdirib. Ancaq burada imtahanın nəticəsinə təsir göstərən amillər var. DİM 11-ci sinif şagirdləri üçün mart ayında imtahan keçirəcək, ancaq mart ayında heç tədris proqramının yarısı mənimsənilmir. 2021-ci ildə Azərbaycanda dərslər sentyabrın 15-də yox, sentyabrın 29-da başladı. Bu il 11-ci sinfi bitirən şagirdlər iki ildir məktəbə getmirlər. Pandemiya səbəbindən yoluxma halları baş verən məktəblərdə dərslər 14 gün, bəzən isə daha uzun müddətə təxirə salınırdı. Yəni bizim şagirdlərimiz tam olaraq tədris prosesində iştirak etməyiblər. Bundan əlavə, Azərbaycanda tədris prosesi 2022-ci ilin iyun ayının 14-də bitəcək. Tədrisin başa çatmasına 3-4 ay qalmış imtahan keçirilir. Halbuki 2008-ci ildən reallaşdırılmağa başlanılan kurikulum standartlarının tələblərinə görə şagirdlərdə bilik və bacarıqlar tədris ilinin sonunda formalaşmalıdır”. 


Ekspert əlavə edib ki, DİM buraxılış imtahanlarını mart ayında keçirməklə təsdiq etdi ki, onlar orta ümumtəhsil məktəblərində şagirdlərin əldə etdikləri bilikləri yoxlamırlar: “Daha çox hazırlıq kursları və repetitorların verdikləri təhsili yoxlayırlar. Çünki yalnız hazırlıq kursları və repetitorlar o proqramı şagirdlərə mənimsədə bilər. Buna görə də hesab edirəm ki, imtahanların bu qədər tez olması qəbuledilən deyil. Digər məsələ isə ondan ibarətdir ki, biz zəruri bilikləri şagirdlərdə yoxlaya bilməyəcəyik. Bu, ona görə baş verəcək ki, bizim şagirdlərimiz bir neçə sınaq imtahanında iştirak etməlidir. DİM yalnız bir dəfə-dekabr ayında sınaq imtahanını keçirib. Digər imtahan fevral ayında olacaq. 


Ən ciddi problem ondan ibarətdir ki, mart ayında buraxılış imtahanında iştirak edən şagirdin imtahandan sonra məktəbə getməsinə ehtiyac yoxdur. Çünki o, artıq həmin zəruri sənədini alacaq. Beləliklə, şagirdin dərsə davamiyyəti aşağı düşəcək. Bu, çox ciddi nöqsandır. Tədris ilinin başa çatmağına uzun müddət qalmış buraxılış imtahanı keçirmək şagirdlərin dərs prosesində davamiyyətinə öz mənfi təsirini birmənalı olaraq göstərəcək. İmtahana 1 ay qalıb. Şagirdlər gərgin halda buraxılış imtahanına hazırlaşacaqlar. Müəllim onları çox yükləyəcək. Bu da digər bir problemdir.

Növbəti tədris ili üçün yaxşı olar ki, imtahan proqramı ən az 6 ay öncə xəbər verilsin”.