MEDİA-nın 1 İLİ:  Baş redaktorların BAXIŞ BUCAĞI
    • 12-01-2022, 18:37
    • 533

MEDİA-nın 1 İLİ: Baş redaktorların BAXIŞ BUCAĞI

Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından bir il ötür. Agentlik ötən il yanvarın 12-də Prezident İlham Əliyevin fərmanı ilə media sahəsində islahatlar, bu sektorun təkmilləşdirilməsi və peşəkarlaşdırılması məqsədilə yaradılıb.

Bəs, görəsən Medianın İnkişafı Agentliyi 1 il ərzində media sektorunda nələri dəyişə bildi və bundan sonra hansı işlər görülməlidir?


News24.az bu sualla baş redaktorlara üz tutub.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, 1 il ərzində agentlik medianın müstəqilliyinin artırılması, maliyyələşdirilmənin yaxşılaşdırılması, peşəkarlığın inkişafı, jurnalistlərin hüquqi, sosial müdafiəsinin daha da gücləndirilməsi üçün mövcud mexanizmləri bir az da  təkmilləşdirmək istiqamətində bütün imkanlardan istifadə etməyə çalışdı: “Bu yolda əldə olunan nəticələr artıq var. Məsələn, “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu qanun layihəsi əvvəlkindən köklü və prinsipial şəkildə fərqlənir. Medianın fəaliyyətinin daha səmərəli tənzimlənməsi baxımından yeni qanun layihəsi çox ümidvericidir. Media Agentiyi jurnalistlərin peşəkarlığının artırılması üçün bir neçə dəfə təlimlər keçdi. Bu təlimlərdə media orqanları və onların nümayəndələri iştirak etdilər. Medianın iqtisadi müstəqilliyinin artırılması üçün fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi yönündə müəyyən addımlar atılıb, media rəhbərləri ilə müxtəlif görüşlər keçirilib. Cəmi 1 illik fəaliyyətdən daha çox nəticə gözləmək doğru olmaz. Ancaq görülən işlərin, yaradılan bazanın səviyyəsi ümid etməyə əsas verir ki, nəticələr böyük olacaq”.
 

Baş redaktor görülməsini labüd hesab etdiyi işlərdən də söz açıb: “Çap media ənənəsinin qorunması üçün bu sahənin maliyyələşdirilməsi işi daha da yaxşılaşdırılmalıdır. Çap medianın maliyyələşdirilməsi işində vəziyyət heç də əvvəlkindən yaxşı deyil. Bu, müəyyən narahatlıq yaradır. 

Mediaya dövlətin maliyyə dəstəyinin daha da genişləndirilməsinə ehtiyac var. Media orqanlarına kommersiya strukturu kimi baxmaq kökündən yanlışdır. Media orqanları daim dotasiya almalı, dövlətçilik mövqeyini əsas tutmalıdır”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
qeyd edib ki, Media Agentliyinin qarşısında böyük vəzifələr var: “İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, dəyişiklər baş verdiyi dövrdə hamının jurnalist olma həvəsinə düşdüyü bir vaxtda mətbuatın tənzimləməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda xaotik vəziyyət yaranıb. Media Agentliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri “Media haqqında” yeni qanun layihəsinin hazırlanması oldu. Bu isə cəmiyyətdə müzakirələr yaratdı. Bundan əlavə, ADA universitetində media rəhbərləri, jurnlaistlər və mətbuat xidmətləri ilə səmərəli görüşlər keçirildi. “Müasir media necə olmalıdır” mövzusunda diskussiyalar təşkil olundu. Bunları agentliyin müsbət işləri kimi qiymətləndirmək olar. Eyni zamanda, jurnalistlər arasında geniş səpkidə olan müsabiqələrin və təlimlərin keçirilməsi 1 il ərzində baş verdi. Media Agentliyi istər yeni qanun layihəsi, istərsə də, digər işlərdə çox gərgin işləyir. Əhməd İsmayılov başda olmaqla bütün əməkdaşları təbrik edirəm. İşlərində uğurlar arzulayıram”. 


O boşluqlardan da söz açıb: “Mətbuatda reklam bazarı yoxdur. Azərbaycanda medianın inkişafı üçün iqtisadi imkanlar zəifdir. Bu istiqamətdə agentliyin dəstək olacağına inanıram. Həmçinin jurnalistlərin iqtisadi vəziyyəti çox aşağıdır. Hansısa formada mətbuat nümayəndələrinin iqtisadi gəlirlərinin artırılması istiqamətində addımlar atılmalıdır”. 

News24.az saytının baş redaktoru Ülkər Qasımova qeyd edib ki, bir il öncə yaranan Media Agentliyinin əsas missiyası jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir: “Bu məqsədlə agentlik tərəfindən müxtəlif təlimlər keçirilib və “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Bunlar bir il üçün kifayət qədər ciddi işlərdir. Saytlara maliyyə yardımının ayrılması və bu zaman qoyulmuş bir sıra mütərəqqi şərtlər medianın inkişafına müsbət təsir göstərməkdədir. 

Eyni zamanda, MEDİA yarandığı gündən qurumlarda, mətbuat xidmətlərində təmsil olunan şəxslərin peşəkar inkişafı, mətbuatla işləməyin düzgün yollarına həsr olunmuş çoxsaylı təlimlər təşkil edilib. Diplomatiya Akademiyasında keçirilən bu təlimlərin çox faydalı olduğunu düşünürəm və təqdir edirəm”.

O bildirib ki, görüləsi işlər hələ çoxdur: “Xüsusilə, yeni qəbul edilmiş qanunun işləmə mexanizmi, mediamızın daha da püxtələşməsi və jurnalistlərin peşəkarlığının yüksəlməsi istiqamətində böyük işlər görülməlidir. Zənnimcə, jurnalistlərimizin dünyanın qabaqcıl media qurumları ilə təmas qurmaları, onların təcrübələrini yaxından izləmələri vacib sayıla bilər. 

Özəl media qurumunun baş redaktoru kimi cəsarətlə deyə bilərəm ki, mənim və təmsil etdiyim media orqanının əsas məqsədi dövlətin və xalqın yanında olmaq, cəmiyyətə ləyaqətli xidmət etməkdir. Bu yolda MEDİA-nın dəstəyi jurnalist, baş redaktor kimi məni məmnun edir”.