Azərbaycanda məktəblinin öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
    • 18-01-2022, 11:53
    • 530

Azərbaycanda məktəblinin öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

Ötən il iyunun 13-də Quba rayonunun Zərdabi qəsəbəsində 2 məktəblini elektrik cərəyanı vurması və onlardan birinin ölümü, digərinin ağır xəsarət alması ilə nəticələnən dəhşətli hadisənin təfərrüatları məlum olub.

News24.az-ın məlumatına görə, faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə açılmış işin istintaqı zamanı uşaqların qəsəbənin yaxınlığından keçən yüksəkgərginlikli elektrik xəttinin ayırıcı açarına toxunduqları məlum olub. Hadisə nəticəsində vəfat edən Rustov kənd sakini, 2009-cu il təvəllüdlü Polad Fərhadovun atası bildirib ki, hadisə vaxtı oğlu dostları ilə tövlənin yaxınlığında futbol oynamağa gedib. Bir qədər sonra qızı ağlaya-ağlaya gələrək qardaşının elektrikə yapışıb qaldığını bildirib.

Hadisə vaxtı mərhum Polad Fərhadovla birgə oynayan 2008-ci il təvəllüdlü Uğur Xəyyam oğlu Bayramov isə onun yüksək gərginlikli naqilə yapışdığını görərək xilas etməyə çalışıb və dartıb ayırmağa çalışıb. 14 yaşlı Uğur ifadəsində deyib: “Zərdabi qəsəbəsində Bayram Şixəmirov adına tam orta məktəbdə Polad Fərhadovla bir yerdə oxumuşam, onunla yaxın dost idik. Poladgilin mal-qara tövləsi bizim evin yaxınlığında yerləşir, tez-tez onunla futbol oynayırdıq. Hadisə baş verən gün dostlarımla evimizin yaxınlığında futbol oynayırdıq. Bir müddət sonra atam məni çağırdı, evə getdim. Geri qayıdan zaman qışqırıq səsi eşitdim və səs gələn istiqamətdə qaçdım. Hadisə yerinə gəldikdə elektrik ayırıcının yanında Ruqəyyə, Yusif və digər uşaqlar dayanmışdı. Bu zaman Poladın elektrik ayırıcıya yapışaraq qaldığını, ayaqlarından və əllərindən tüstü çıxdığını gördüm və onu xilas etmək üçün sol əlindən tutub oradan ayırmaq istəyərkən məni də elektrik cərəyanı vurdu, huşumu itirdim, nə baş verdiyini anlamadım.

Ayıldıqda artıq xəstəxanada olduğunu gördüm. Yaşadığım evin yaxınlığında yerləşən elektrik ayırıcının ətrafında heç bir hasarlama yox idi və qapısı da açıq olurdu”.

O da məlum olub ki, 12 yaşlı Polad ayırıcının yaxınlığına düşən topu götürmək üçün oraya gedib.

Fakta görə “Azərişıq”ın mühəndisi barəsində cinayət işi açılıb və o, qeyd edilən maddə üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.