1 əsrlik abidə dağılır - FOTOREPORTAJ - Yeniləndi
    • 3-02-2022, 16:20
    • 1 009

1 əsrlik abidə dağılır - FOTOREPORTAJ - Yeniləndi

Bakının Bilgəh qəsəbəsində yerləşən tarixi hamam acınacaqlı vəziyyətdədir.

Hamamın üzərində tikintinin tarixi hicri təqvimi ilə 1328-ci olaraq qeyd edilib. Bu isə 1910-cu ilə təsadüf edir.

Tikilinin dam örtüyü tullantılarla dolu, günbəzləri demək olar ki, dağılmış vəziyyətdədir. 

Hamamın içinə daxil olarkən qarşılaşdığımız görüntü isə daha  məyusedici idi. Qapısı olmayan tarixi abidənin içində it leşlərinə də rast gəlinirdi.
Eyni zamanda  hamamın  daxilindəki divar və arakəsmələr də baxımsızlıqdan uçulub.


News24.az olaraq məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. 

Xidmətin mətbuat katibi Fariz Hüseynli bildirdi ki, Bilgəh qəsəbəsində yerləşən hamam yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Tarixi hamam uzun illər qəsəbə sakinlərinin istifadəsində olub: "Dövlət Xidməti tərəfindən həmin hamamda təmizlik işlərinin aparılması, yaxınlıqda zibil qutularının yerləşdirilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət olunacaq. Təəssüflər olsun ki, tarix-mədəniyyət abidələrinin məişət tullantıları ilə çirkləndirilməsi kimi hallarla tez-tez rastlaşırıq. Belə halların təkrarlanmaması üçün vətəndaşlarımızdan tarixi abidələrimizə qarşı hörmətlə yanaşmalarını xahiş edirik. Həmçinin bildiririk ki, dövlət tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinə xüsusi diqqət və qayğı göstərilir. Bu sahədə aparılan işlər davam etdirilməkdədir. Bilgəh qəsəbəsində yerləşən həmin hamamın da bərpa olunaraq istifadə olunması nəzərdən keçiriləcəkdir. Eyni zamanda qeyd edək ki, ölkə ərazisində bu tip tarixi abidələr çoxluq təşkil edir. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində sahibkarlar tərəfindən bərpa edilərək istifadə edilməsində də maraqlıyıq".

Foto: Teymur Məmmədov