Bakıda daha bir qısqanclıq cinayəti - Kafedə sevgilisini bıçaqladı
    • 4-02-2022, 12:35
    • 621

Bakıda daha bir qısqanclıq cinayəti - Kafedə sevgilisini bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il iyunun 23-də Suraxanı rayonu ərazisində yerləşən “Qədim Bakı” kafesində sevgilisini bıçaqlayan şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan Respublikası vətəndaşı, Marneuli rayon sakini 1982-ci il təvəllüdlü Teymur Əsədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış işin araşdırılması zamanı hadisənin qısqanclıq səbəbindən baş verdiyi məlum olub.

Belə ki, müəyyən edilib ki, Teymur 2018-ci ildə Gürcüstandan gələrək Bakı şəhərində yaşayıb. 2018-ci il dekabrın 09-dan isə o, Aysel Quliyeva (şərti adlı) ilə qeyri-rəsmi ailə həyatı quraraq birgə yaşamağa başlayıb. Həmin vaxt onların ikisi də işsiz olduğundan Aysel «Qədim Bakı» kafesində ofisiant kimi işləməyə başlayıb. 2021-ci il iyulun 23-də saat 15 radələrində spirtli içki qəbul edən Teymur sevgilisinin işlədiyi kafeyə gedərək bir bokal pivə içib. Bu zaman telefonda kiminləsə yazışan Aytəni görən Teymur qısqanclıq hissi keçirib. Aysel isə xalası qızı ilə yazışdığını deyib, əgər inanmırsa, haqqında başqa şey düşünürsə, münasibəti qurtarmağı söyləyib. Bu zaman əsəbləşən Teymur Aysellə qarşılıqlı söyüş söyərək kafenin pilləkənində dayanmaqla mübahisə ediblər. 

Mübahisə zəminində Teymur Əsədov üzərindəki qatlanıb-açılan bıçağı çıxararaq qadının qarın nahiyəsinə bir dəfə vuraraq kafedən uzaqlaşıb. 
Zərərçəkən qadın məhkəmədə Teymurla barışdığını, şikayətinin olmadığını deyib.

Kafe sahibi hadisə baş verən vaxt çox yorğun olduğundan kafedəki divanda yatdığını bildirib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesin yekununda hökm elan edilib, məhkəmə T.əsədovun 1 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.