Quyuya atılaraq öldürülən 4 yaşlı qızın atası barəsində həbs qətimkan tədbiri seçildi
    • 5-02-2022, 16:47
    • 667

Quyuya atılaraq öldürülən 4 yaşlı qızın atası barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarov həbs olunub.

News24.az xəbər verir ki, bu barədə Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, T.Allahyarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma) və 133.2.4-cü (Əzab vermə) maddələri ilə cinayət işi açılıb, istintaq aparılır. M. Mansurov barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən gün T. Allahyarov ATV-nin “Bizimləsən” proqramında iştirak edib.

Veriliş zamanı T. Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb. Görüntülərdə T. Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.

Bu görüntülərdən sonra Xəzər Rayon Polis İdarəsinin əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar. /Report.az/