200 manat yardım 1,1 milyon nəfərə aid ediləcək
    • 8-02-2022, 12:24
    • 400

200 manat yardım 1,1 milyon nəfərə aid ediləcək

Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, qeyd edilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq.

Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır. Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.

Yeni Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.

Məlumat üçün bildirək ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni Sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.