Azərbaycanda ötən il 170 uşaqda onkoloji xəstəlik aşkarlanıb
    • 15-02-2022, 12:14
    • 457

Azərbaycanda ötən il 170 uşaqda onkoloji xəstəlik aşkarlanıb

"Ötən il Azərbaycanda 170 uşaqda onkoloji xəstəliklər aşkar olunub. Həmin uşaqların hamısı müvafiq protokollar əsasında müalicə alıb".

Bunu Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə deyib.

Onun sözlərinə görə, uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir və uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir: "Uşaqlarda onkologiyanın əsas hissəsini embrional şişlər əhatə edir. Bunların içində leykemiyalar (28%), mərkəzi sinir sisteminin şişləri (18-20%) və limfomalara (12-14%) daha çox rast gəlinir. Digər bədxasssəli şişlər, məsələn, nefroblastoma, neyroblastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7%-dir. Böyüklərdə təsadüf edən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi və.s) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür".