Müəllimlər boğaza yığılıb: “Bilmirik, dərs keçək, yoxsa GƏRƏKSİZ YAZILARI YAZAQ
    • 15-02-2022, 15:10
    • 1 615

Müəllimlər boğaza yığılıb: “Bilmirik, dərs keçək, yoxsa GƏRƏKSİZ YAZILARI YAZAQ"

Son zamanlar müəllimlərdə ciddi narazılıq formalaşıb. Onlar 2009-ci ildən tətbiq olunan kurikulum sistemi ilə heç cür barışa bilmirlər. Belə ki, əvvəllər müəllimlər bir jurnalı yazırdılarsa, indi summativləri təşkil edir, qiymətləndirmə aparır, kurikulum əsasında proqram cədvəlini tərtib edir, mövzu izah edir və ev tapşırığını yoxlayırlar. Bu da təbii ki, tədrisin keyfiyyətinə təsir edir. Müəllimlər şagirdlərə mövzunu aşılamağa zaman qalmadığını qeyd edirlər. 

News24.az məsələni araşdırmaq qərarına gəlib.


Təhsil eksperti Kamran Əsədov saytımıza açıqlamasında bildirib ki, 2009-ci ildən tətbiq olunan kurikulum sistemindən sonra müəllimlərin işi hədsiz dərəcədə çoxalıb: “Proqram, gündəlik, formativ qiymətləndirmə, summativlərin keçirilməsi, ev tapşırıqlarının yoxlanması, qiymətləndirmənin aparılması və bu kimi vəzifələr müəllimlərin gördüyü işin bir hissəsidir. Belə olan halda dərs keçməyə demək olar ki, vaxt qalmır. Şagirdlərin sayı da çoxdur. 3 avqust 2012-ci ildə Nazirlər Kabinetinin 171 saylı qərarı var və orada göstərilir ki, məktəblər layihələndirilərkən maksimum 24 şagird ola bilər. Yəni, bir sinifdə maksimum 24 şagird təhsil ala bilər. Belə çıxır ki, 24-dən yuxarı uşaq olan siniflərdə təhsil alan bütün şagirdlərin təhsil alma hüququ pozulur. Bu nüans özü də müəllimlərin şagirdlərə səmərəli formada vaxt ayırmasına imkan vermir”.

Ekspert vurğulayıb ki, mövcud problemdən çıxış üçün köməkçi müəllim vəzifəsi yaradılmalıdır: “Əsas müəllimlər yalnız tədrisi təşkil etməlidir. Yerdə qalan sənəd və ya təşkilati işləri köməkçi müəllim etməlidir. Köməkçi müəllim statusunu yaratmaqla kifayət qədər gənci işlə təmin edib, müəllimləri dərsə kökləyə bilərik”.   

Paytaxtın Qaradağ rayonunda yerləşən 184 nömrəli orta məktəbin müəlliməsi Gülsüm Biləndərli problemin dərin qatları olduğunu dilə gətirib: “Ümumiyyətlə, kiçik və böyük summativ qiymətləndirmə tamamilə lazımsız prosesdir. Biz 45 dəqiqədə dərsi keçməliyik - materialı uşaqlara çatdırmalıyıq, jurnalda qeydləri aparmalıyıq, dövlətin verdiyi jurnalda tarixləri yazmalı, dərsə davamiyyəti yoxlayıb, qeyd etməliyik. Bizə formativ jurnal yükləyiblər, onu doldurmalıyıq. O jurnalda uşaqların səviyyəsini yazmağımızı istəyirlər. Bilmirik, dərs keçək, yoxsa gərəksiz yazılar yazaq. Çox istərdim ki, müəllimin bir həftəlik yükünü gəlib yaxından görsünlər. Özümü qoyuram bir kənara, artıq gənclər belə yorulur. Tanıdığım bir çox gənc müəllimdə baş gicəllənməsini müşahidə edirəm. Axı biz robot deyilik.


Çalışdığım məktəbi bu yaxınlarda internetlə təmin etdilər. Buna sevindim, ancaq sonradan anladım ki, bu, elektron jurnal üçün imiş. Yükümüz bir az da çoxaldı. Hazırkı qiymətləndirmə prosesi, hesabatlar və s. hamısı təhsilin aşağı düşməsinə xidmət edir. Müəllim öz potensialından istifadə edib, biliyini şagirdlərə ötürə bilmir. Rüblük, yarım illik və illik qiymətləndirməyə qayıtmalıyıq”.

Gülsüm Biləndərli evə gec çatsa da şagirdlərlə daim əlaqə saxladığını deyib: “Evdə belə şagirdlərə, valideynlərə “WhatsApp” platforması üzərindən ev tapşırıqlarını göndərirəm, anlamadıqları məqamları izah edirəm və beləcə günüm başa çatır”.

“Niyə şagirdə 2 qiymətini verməyək” - Gülsüm Biləndərli sual edir: “Şagirdə 2 qiymətini vermək lazımdır ki, onun məsuliyyəti artsın. 2 qiyməti əsla şəxsiyyətin alçalmağı deyil”.