Moldova parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
    • 22-02-2022, 14:59
    • 447

Moldova parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Ölkəmizdə səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

News24.az xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Moldova ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyevin müşayiət etdiyi qonaqlar həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüblər. Nümayəndə heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.