Narkotik vasitələrin qanunsuz dövriyyəsi mövzusunda vebinar keçirildi - Fotolar
    • 4-03-2022, 17:57
    • 1 674

Narkotik vasitələrin qanunsuz dövriyyəsi mövzusunda vebinar keçirildi - Fotolar

Martın 3-də Ümumdünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin təşkilatçılığı ilə “Narkotik vasitələrin və psixotrop maddələrin beynəlxalq xarakter daşıyan qanunsuz dövriyyəsi: yayılma arealı və mövcud daşınma kanalları” mövzusunda vebinar keçirilib.

News24.az xəbər verir ki, vebinara ÜGT-nin Avropa Regionunda təmsil olunan 30 ölkənin gömrük administrasiyalarının 296 nümayəndəsi qatılıb.
Açılış nitqi ilə çıxış edən ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Eser Çengel vurğulayıb ki, təmsil etdiyi qurum regionda potensialın gücləndirilməsi mərkəzi olaraq üzv ölkələrin gömrük xidmətlərinə onların tələbatları nəzərə alınmaqla müvafiq dəstək tədbirlərini həyata keçirir.

Tədbirdə çıxış edən DGK sədrinin müavini Əsgər Abdullayev vebinarın əhəmyyətindən danışıb və BMT-nin aidiyyəti qurumlarının yayımladığı hesabatlara əsasən COVID-19 pandemiyasına rəğmən dünyada və regionda narkoşəraitin mürəkkəbləşdiyini diqqətə çatdırıb. Komitə sədrinin müavini belə bir şəraitdə narkotiklərin qanunsuz dövriyyəsinə, yayılma arealına, daşınma kanallarına, usul və metodlarına, eləcə də narkotiklərlə mübarizədə əldə edilmiş qabaqcıl təcrübəyə, nailiyyətlərə, problemlərə, perspektiv baxışlara həsr olunmuş bu tədbirin xüsusi əhəmiyyət daşıdığını bildirib, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəli təşkili baxımından faydalı olacağını qeyd edib.

Dövlət Gömrük Komitəsinin ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisindəki nümayəndəsi Mirhəsən Seyidzadə Regional Ofisin beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətindəki faəliyyətindən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı əlaqələrin və regional müzakirələrin önəmindən danışıb.

Sonra müxtəlif mövzularda təqdimatlar dinlənilib.

Tədbirin plenar iclasında “Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əldə edilmiş nailiyyətlər” mövzusunda çıxış edən DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov bildirib ki, son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr nəticəsində Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib və yaradılan əlverişli infrastruktur hesabına bu nəqliyyat dəhlizləri ilə daşınan yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin həcmi artıb.

M. Rəsulov bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar sərnişinlərin sərhədkeçmə prosesinə tətbiq olunan məhdudiyyətlər səbəbindən faktların sayında azalma müşahidə olunsa da, əsasən yükdaşımalarla bağlı qanunsuz dövriyyədən götürülmüş narkotiklərin miqdarında kəskin artım qeydə alınıb.

Sonda vebinarda müzakirə edilən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.