Bacısının toyunda iştirak etmək üçün Azərbaycana gələn gənc öldü
    • 9-03-2022, 17:41
    • 1 628

Bacısının toyunda iştirak etmək üçün Azərbaycana gələn gənc öldü

Ötən ilin 14 oktyabr tarixində axşam saatlarında Balakən rayonunun Kortala kəndi ərazisindən keçən yolda idarə etdiyi “QAZ 31” markalı avtomobillə piyada Qurban Kərimovu vurub öldürən Hənifə kənd sakini, 1992-ci il təvəllüdlü İsa Həsənov məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın məlumatına görə, Balakən rayon Məhkəməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış iş üzrə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəfat edən gəncin ailəsi ilə barışmadığı məlum olub.

Mərhum Q.Kərimovun atası bildirib ki, təqsirkar tərəf oğlunun dəfni, yası və sairlə bağlı onlara yardım göstərməyib, həmçinin həyat yoldaşı oğlunun qəfil ölümündən sonra xəstəliyə düçar olub. Qurban Kərimovun atası əlavə edib ki, oğlu 7 il imiş ki, Rusiyada yaşayıb işləyirmiş. Oktyabrın 11-də o, bacısının toyunda iştirak etmək üçün Azərbaycana gəlib və bacısının toyunda iştirak edib.

Toydan 3 gün sonra isə Qurban kənddə yol kənarı ilə piyada gedərkən avtomobillə vurulub.

Hadisəni törədən şəxs bildirib ki, u Kortala meşəbəyliyinin 6 saylı dolayısının meşə gözətçisi vəzifəsində çalışır. Hadisə baş verərkən o, işdən çıxıb avtomobili ilə yaşadığı evə qayıdrmış.

İsa Həsənov həmçinin qeyd edib ki, yolda fikirli olduğu üçün avtomobil bir qədər sağa çıxaraq yolun kənarı ilə gedən piyadanı vurub.

Qeyd edilib ki, kənd ərazisində maksimal sürət saatda 60 kilometr olsa da, İsa avtomobili 90 kilometr/saat sürətlə idarə edib.

Balakən rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. İsa Həsənov qeyd edilən maddə ilə təqsirli bilinərək 2 il müdətinə sürücülük hüququndan məhrum edilməklə, 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, məhkəmə zalındaca həbs edilib.