Bayram yarmarkaları cib yandırır: "Heç nə almadan evə dönəcəm" - REPORTAJ - VİDEO
    • 14-03-2022, 18:59
    • 1 722

Bayram yarmarkaları cib yandırır: "Heç nə almadan evə dönəcəm" - REPORTAJ - VİDEO

Novruz bayramı ilə əlaqədar Bakıda müxtəlif yarmarkalar fəaliyyətə başlayıb.

News24.az-ın əməkdaşları metronun “28 May” stansiyasının yaxınlığında təşkil edilən yarmarkadakı qiymətlərlə maraqlanıblar.

Mikrofonu silah kimi görüb, işıq sürətilə bizdən uzaqlaşan vətəndaşlarımızın sayı-hesabı yox idi. Bizim isə məqsədimiz sadəcə yarmarkadakı qiymətlərin onları qane edib-etməməsi idi. Soyuğu bütün vücudumuzda hiss etdikdən sonra vətəndaşlarımız yavaş-yavaş danışmağa başladılar. Digər müsahiblərə baxıb, sanki ürəkləndilər ki, “deməli, bu mikrofon qorxulu deyil”. Qısası, respondentlərin passivliyi bizi məyus etdi. 

Yarmarkaya gəldikdə isə razı qalanlar da var, narazı qalanlar da. Ancaq ümumi müşahidələrimiz onu göstərdi ki, əvvəlki illərlə müqayisədə qiymət artımı diqqət çəkir. 

Yarmarkada fındıq ləpəsi, qoz ləpəsi, badam, kişmiş kimi çərəzlərlə yanaşı səməni, qab-qacaqlar, müxtəlif növ güllər, oyuncaqlar, hədiyyələr və s. fərqli qiymətlərə satılır. 

Novruz bayramının əsas simvollarından biri olan, bolluq-bərəkət rəmzi kimi xalqımızın düşüncəsində yer alan səməninin ən ucuzunun qiyməti 1 manatdır. Dekor kötüklə bəzədilən səmənilər isə 15 manatdır. Bu səmənilərin mahiyyət etibarilə 1 manatlıqdan fərqlənmədiyini qeyd etməliyik. 

Yarmarkada çərəzlərə tələbat çox idi. Fındıq ləpəsinin kiloqramı 13-17 manat, qoz ləpəsi 12-17 manat, badam 18 manat, kişmiş 5-9 manat, düyünün qiyməti isə 3-5 manat aralığında dəyişir. Bayram xonçalarını isə minimum 15 manatdan satışda tapa bilərsiniz.

Ətraflı reportajı təqdim edirik:

Müxbir: Məhərrəm Əliyev
Foto/Video: Nicat Niftəliyev