Dərmanlar bahalaşır, qıtlıq yarana bilər
    • 16-03-2022, 17:16
    • 1 869

Dərmanlar bahalaşır, qıtlıq yarana bilər

Ukraynada müharibənin başlaması Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə səbəb olub. Bu sanksiyalar da Rusiyanı bəzi sahələrdə ciddi problemlərlə üz-üzə qoyub.  Bu sahələrdən biri də əczaçılıqdır ki, bu yöndə fəaliyyət göstərən şirkətlərdə xammal qıtlığının yaranmasının qaçılmaq olduğu bildirilir. 

Bəs, bu vəziyyətin Azərbaycanın dərman bazarına təsiri varmı? Ölkəmizdə bu səbədən dərman qıtlığı yarana bilərmi? 

Bu suallara cavab tapmaq üçün paytaxtdakı bır neçə aptekə baş çəkdik.  Məlum oldu ki, artıq bəzi apteklərdə Rusiyadan idxal edilən dərmanların gətirilməsində çətinlik yaranıb: “Rusiya, Ukrayna və Belarusiya istehsalı olan dərmanlar apteklərə limitlə verilir. Buna görə də depoda dərmanlar azalmağa başlayıb. Ehtimallarımıza görə, bir ay ərzində bəzi dərmanların qiymətlərində  həm bahalaşama olacaq, həm də qıtlıq yaranacaq. Əsasən azyaşlılar üçün nəzərdə tutulan bəzi dərmanlar tapılmır. Bununla yanaşı, vitamin B,B1, B6, B12, dimedriol və.s dərmanların qiymətlərində artım tam şəkildə müşahidə edilir". Ekspertlər də bu sahədə problemlərin yarandığı qənaətindədir.

İqtisadçı-ekspert Elman Sadıqov News24.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi bir sıra ölkələrə təsir göstərib: "Rusiyada nəinki dərman, bütün sahələrin istehsalında ciddi problemlər yaşanacaq. Rusiya dərman bazarında ciddi sıxıntılarla qarşılaşacaq. Çünki bir çox dərmanların komponentləri, tərkib hissələri, qablaşdırmaları Rusiyaya idxal olunur. Bu gün artıq  Rusiyada konkret olaraq valyuta qıtlığı və idxallarda ciddi problemlər yaranmağa başlayıb. Bu zaman tədarük zənciri pozulur. Nəticədə, Rusiya ixrac edə bilməyəcək. Onun ixrac edə bilməməsi də dərmanlara olan təlabatı artıracaq. Və bu da qiymət artımına səbəb olacaq".
 
Ekspertin fikrincə, bu istiqamətdə ilk növbədə düzgün təhlil aparılmalıdır: "İlk olaraq, hansı dərmanlar Rusiya və Ukraynadan idxal olunur, bu prosesdə hansı problemlər yaşanacaq, Bu dərmanlardan hansıları başqa ölkələrin istehsal etdikləri ilə əvəz etmək mümkün olacaq, bax, bunları dəqiqləşdirmək lazımdır. Bəzi dərmanlarda qıtlıq yaşanmayacaq, amma qiymət artımı olacaq. Bəzilərində isə bunun əksi olacaq. Əgər bununla bağlı bir tədbir görməsək, yaxın zamanda sıxıntılarla qaşılaşacayıq".

Ekspert onu da qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar yenə də davam edəcək, hətta daha da dərinləşəcək. Rusiya- Ukrayna müharibəsi dayansa belə, bu sanksiyalar opeartiv şəkildə götürülməcək.

Şahnun QASIMOVA