"Azəriqaz" nazirliyə məxsus zavodun qaz təchizatını bərpa etdi
    • 29-03-2022, 18:40
    • 1 689

"Azəriqaz" nazirliyə məxsus zavodun qaz təchizatını bərpa etdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Şirvan şəhərində "Açıq mikrofon" aksiyası keçirib.

Qurumdan News24.az-a verilən məlumata görə, tədbirdə çıxış edən "Azəriqaz"ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev də daxil olmaqla İstehsalat Birliyinin məsul şəxsləri, Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər.

"Azəriqaz"ın Salyan Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov vətəndaşları aksiyanın imkanlarından maksimum şəkildə istifadə etməyə, qaz təsərrüfatına dair yaranan bütün suallara yerindəcə cavab tapmağa çağırıb.

Müdafiə Sənayesi Nazirliyinə məxsus Telemexanika zavodu MMC-nin əməkdaşı Fərzulla İbrahimov debitor borc səbəbindən zavodun təbii qaz təchizatının dayandırıldığını bildirərək, müəyyən ödənişlər olunmaqla qazın verilməsini xahiş edib. Məsələ ilə bağlı dərhal İstehsalat Birliyinin rəhbərliyinə məlumat verilib. Rəhbərliyin tapşırığı ilə daxil olan müraciət yerindəcə həllini tapıb, zavodun qaz təchizatında yaranan fasilə aradan qaldırılıb. Digər çıxış edən vətəndaşlar qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirib, təşkil olunan aksiyaya görə "Azəriqaz"ın rəhbərliyinə təşəkkür ediblər.

Bu gün təşkil olunan aksiya sayca ümumilikdə 49-cu, sakinlərlə isə 25-ci görüşdür.