2022 Formula 1 Azərbaycan Qran Prisinə yerli medianin qeydiyyatı başladı
    • 9-03-2022, 15:00
    • 617

2022 Formula 1 Azərbaycan Qran Prisinə yerli medianin qeydiyyatı başladı

2022 Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyasına start verildi. Qeyd edək ki, qeydiyyat prosesi 9 mart tarixində saat 13:00-da başlayıb, 14 aprel saat 17:00-da yekunlaşacaq.

News24.az xəbər verir ki, 10-12 iyun 2022-ci il tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi daxil olmaqla, 2022 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və  Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı prosesi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH)  tərəfindən icra olunur. 

Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi akkreditasiya səhifəsinə daxil olaraq, müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmır. 

Yerli jurnalistlərdən ölkə daxilindəki COVID-19 qaydalarına riayət olunması tələb olunacaq.  2022-ci il yarışlarına COVID-19 virusuna qarşı 2 doza vaksin vurdurmuş və “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti bitməmiş yerli jurnalistlər akkreditasiya ala biləcək. Peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş media nümayəndələrindən buster dozasını vurdurmaları xahiş olunur. Bildiririk ki, vaksinasiya ilə bağlı şəxsi məlumatlar artıq akkreditasiya üçün ərizə formasında tələb olunacaq. 

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək üçün (+99412) 4041383 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərsiniz.