"Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq" - İlham Əliyev
    • 4-05-2022, 16:46
    • 480

"Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq" - İlham Əliyev

Qarşıda duran digər vəzifələr, əlbəttə ki, ilk növbədə, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır.

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

“Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Bu il bizim iqtisadi inkişafımız daha sürətlidir və ilin birinci rübündə iqtisadiyyat təxminən 7 faiz artıb, gəlirlərimiz də artıb. Ona görə mən hesab edirəm ki, təxirəsalınmaz işlərin görülməsi üçün biz əlavə vəsait ayırmalıyıq. Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq. Hökumətə bu məsələ ilə bağlı göstəriş verildi. Yəqin ki, yaxın gələcəkdə biz bunu rəsmən təsdiqləyəcəyik ki, daha çox işi bu il görə bilək. Hələ, deməli, ilin 4 ayı keçib, görüləcək işlər çoxdur. Ona görə keçmiş məcburi köçkünlərin qaytarılması üzrə birinci layihə, qeyd etdiyim kimi, yaxın zamanlarda icra olunacaq. Digər layihələrə də mütləq başlamaq lazımdır”, - dövlət başçısı qeyd edib.