Prezident:
    • 19-03-2020, 15:14
    • 595

Prezident: "Dövlətin vergisini son qəpiyinə qədər ödəməlidirlər"

“İlin əvvəlindən görülmüş işlər ölkəmizin uğurlu inkişafını bir daha təsdiqləyir, Azərbaycan müasirləşir, yeniləşir”.

News24.az
-ın məlumatına görə, Prezident İlham Əliyev bunu Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda aparılan islahatlar demək olar ki, bütün sahələri əhatə edir: “2019-cu ildə aparılan islahatlar iqtisadi sahədə böyük dəyişikliklərə səbəb oldu. Məhz şəffaflıq prinsiplərinin tətbiqi nəticəsində dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil edildi və bu vəsait son qəpiyinə qədər insanların sosial problemlərinin həllinə istiqamətləndirildi. Bildiyiniz kimi, keçən il Azərbaycanın 4,2 milyon vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini yaxşılaşdırdı, maaşlar, pensiyalar, sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim bütün iqtisadi imkanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır. Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaq”.

Prezident İlham Əliyev  iqtisadi uğurlara diqqət çəkib: “Bu il iqtisadi sahədə əldə edilmiş uğurlar əlbəttə ki, bizi çox sevindirir. İki ayda ümumi daxili məhsul 2,8 faiz artıb. Qeyri-neft sektorunda iqtisadiyyat 6,7 faiz artmışdır. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Əhalinin pul gəlirləri 9 faiz artıb, inflyasiya isə cəmi 2,8 faizdir. Yenə də islahatlar hesabına və şəffaflıq tədbirlərinin görülməsi nəticəsində iki ayda dövlət büdcəsinə proqnozdan əlavə 252 milyon manat daxil edilib. Bu, bir daha onu göstərir ki, şəffaflıqla bağlı görülən tədbirlər, kölgə iqtisadiyyatına qarşı aparılan siyasət öz nəticəsini verməkdədir. Əminəm ki, bu müsbət meyli ilin sonuna qədər davam edəcək və Azərbaycan iqtisadiyyatının hazırda kölgədə olan hissəsi kölgədən çıxacaq. Burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməlidirlər, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar və dövlətin vergisini son qəpiyinə qədər ödəməlidirlər. Çünki bilməlidirlər ki, bu vergilər insanların maaşlarının, pensiyalarının artırılmasına istiqamətləndirilir”.