Mərkəzi Nəbatat Bağının bərpa edilməsinə 25 MİLYON MANAT PUL AYRILDI
    • 5-05-2022, 14:45
    • 457

Mərkəzi Nəbatat Bağının bərpa edilməsinə 25 MİLYON MANAT PUL AYRILDI

Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının bərpa edilməsi məqsədilə sərəncam imzalayıb.

News24.az
xəbər verir ki, Mərkəzi Nəbatat Bağı mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

Həmin sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mərkəzi Nəbatat Bağının müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədilə qərara alıram:

1. Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 may 2022-ci il