Bakıda parkda söyüş üstündə qanlı dava – TƏFƏRRÜAT
    • 7-05-2022, 13:43
    • 622

Bakıda parkda söyüş üstündə qanlı dava – TƏFƏRRÜAT

4 ay əvvəl, yəni dekabrın 20-də Səbail rayonu Arif İsmayılov küçəsində bıçaqlanma cinayəti törətmiş 1999-cu il təvəllüdlü Anar Əsədliyə hökm oxunub. 

News24.az-ın məlumatına görə, həmin gün axşam saat 23 radələrində Araz Abbasəliyevə xəsarətlər yetirmiş Anar Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə təqsirləndirilib.

Məlum olub ki, hadisənin baş verdiyi gün Anar “Playstation” klubunda imiş. Bu zaman Ədalət adlı şəxs içəri daxil olaraq küçədə 2 nəfərin yüksək səslə danışdığını və söyüş söydüyünü deyib. Üzərində bıçaq gəzdirən Anar küçəyə çıxaraq həmin şəxslərə yaxınlaşıb və onlarla söhbət etmək istədiyini deyib. Həmin şəxslər yaxınlıqda – Arif İsmayılov küçəsindəki “Fəhlə əlləri” parkına çatdıqda Anar bıçaqla Araza ağır xəsarət yetirib.
 
Məhkəmədə çıxış edən bıçaqlanan şəxs deyib ki, Anar onlara yaxınlaşdıqda söyüş söymədiklərini, sadəcə, bərkdən danışdıqlarını deyib: “Yeznəm Raufla kafedə yeyib içmişdik, lakin sərxoş deyildim. Bir qədər sonra küçədə gedərkən adının sonradan Anar olduğunu bildiyim şəxs yaxınlaşıb niyə söyüş söydüyümüzü dedi. Ona söyüş söymədiyimi desəm də, əl çəkmədi. Daha sonra ona “Yeznəm Rauf söyüş söyüb, onun adından da, öz adımdan da üzr istəyirəm”, dedim. Bu da Anarı qane etmədi, parka yaxınlaşan kimi bıçaqla qəfil vurdu”. 

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Əsədlini qeyd edilən maddələrlə təqsirli bilərək ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.