Ayaqyolunda yaşayan qadından və övladından XƏBƏR VAR - YENİLƏNİB
    • 11-05-2022, 17:26
    • 481

Ayaqyolunda yaşayan qadından və övladından XƏBƏR VAR - YENİLƏNİB

Dünən Bakıda gənc qadınla azyaşlı övladının 4 gündür ki, ticarət mərkəzlərinin birinin ayaqyolunda yaşaması ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

News24.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı Feysbuk hesabında paylaşım edib.

 Sədr qeyd edib ki, Riyad Ticarət Mərkəzinin sanitar qovşağında məskunlaşan qadın və uşaqla bağlı Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq komissiyasının əməkdaşları həmin yerə gedib, lakin onları tapmayıblar: “Ərazidə park xidməti göstərən şəxsin dediklərinə görə, gecə saatlarında “ər”i gəlib, onları aparıb. Çox güman ki, qadın münaqişə nəticəsində yaşadığı şəxsin yanından ayrılıb, müvəqqəti bu yerdə məskunlaşıb.
Digər məlumatlara görə, qadının daha 2 uşağı hansısa uşaq müəssisəsindədir, özü və “əri” dəmir yığmaqla məşğuldur. Əşyaların hələ də sanitar qovşağında qalması qadının yenidən dönəcəyindən xəbər verir”. 

Video Abşeron İH əməkdaşları tərəfindən çəkilib:

 ***17:26

Dünən Bakıda gənc qadınla azyaşlı övladının 4 gündür ki, ticarət mərkəzlərinin birinin ayaqyolunda yaşaması ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

News24.az olaraq biz həmin qadının hansı səbəbdən buna məcbur qaldığını öyrənmək və məsələnin həllində yardımçı olmaq üçün "Riyad" Ticarət Mərkəzinə yollandıq. Lakin sözügedən məkanda qadınla görüşə bilmədik. 

Ticarət mərkəzində çalışanların biri bildirdi ki, qadını və azyaşlı uşağı bir kişi gəlib aparıb: "Qadın balaca uşağı ilə bir neçə gün buradakı ayaqyolunda yaşadı. Onun evi də bu ticarət mərkəzinin yaxınlığıda yerləşir. Buradakı mağaza sahibləri ona kömək ediblər. Bu gün isə həyat yoldaşı gəlib onu evinə apardı". 

Məkanda çalışanlardan əldə etdiyimiz telefon nömrəsi ilə qadını aparan şəxslə əlaqə saxladıq. Adının açıqlanmasını istəməyən şəxs ayaqyolunda yaşayan qadının həyat yoldaşı, uşağının isə övladı olduğunu bildirdi. Həmin şəxsin dediyinə görə, qadının kirayə yaşadıqları evin sahibi ilə problemi yaranıb. Bu üzdən də o, azyaşlı övladını da götürərək evdən çıxıb. Bu halın bir neçə dəfə yaşandığını deyən həyat yoldaşı indi hər şeyin qaydasında olduğunu dedi: "O qadın mənim sənədli-sübutlu həyat yoldaşımdır. Uşaq da mənim övladımdır. İndi başqa ev tutub ikisini də ora yerləşdirmişəm. Hər şey yaxşıdır, heç kim o qadın üçün narahat olmasın".

Özünü həyat yoldaşı kimi təqdim edən şəxs qadının üzündəki göy ləkələrin səbəbini isə belə izah etdi: "Nə döyülməsi?! Qətiyyən. Tələsik çıxanda üzü qapıya dəyib. Ona görə gözünün altı göyərib".

Ticarət mərkəzinin mühafizə idarəsinin rəisi isə bildirdi ki, qadının burada yaşamasından xəbərdar olsalar da, bunun üçün ona icazə verilməyib. Məlumat alan kimi isə qadının oradan çıxarılması üçün tədbirlər görülüb.