Tanınmış modelyer məhkəmədə ifadə verib
    • 12-12-2018, 17:50
    • 1 040

Tanınmış modelyer məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sahibkar, modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq etməkdə təqsirləndirilən Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslərin heç biri elan olunmuş ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyib.
Daha sonra zərərçəkmiş qismində L.Əhmədova ifadə verib. O deyib ki, təqsirləndirilən N.Ağayev makler kimi ona ev tapmaq istəyib: "Nizami ilə dəfələrlə müxtəlif evlərə gedib baxmışam. Onun nömrəsini yoldaşıma verdim, obyekti biz almaq istəyirdik. O, binanı 4 milyon manata satacağını deyirdi. Binada 4 mərtəbəni 24 min manata icarəyə götürdük".
Zərərçəkmiş söyləyib ki, N.Ağayev icrarəyə verdiyi yeri təmir etdirəcəyini desə də, sonradan sözünə əməl etməyib: "Həmin obyektin təmirinə 1 milyon 100 min manat pul xərcləmişəm. Bu pulun 100 min dollarını bankdan kredit götürmüşdüm. Lakin 1 manat da gəlir əldə etməmişəm. Düşünürəm ki, əslində Nizami Ağayevin əvvəlcədən fikri buranı mənə təmir elətdirib, ondan sonra əlimdən almaq olub. Əvvəlcə binanın 3-cü mərtəbəsini əlimdən aldılar. Orada 15 yeni kondinsioner quraşdırmışdıq. Onun hamısını onlara bağışladım. Müəyyən müddət keçəndən sonra binanın 2-ci mərtəbəsini restoran kimi istifadə eləməyi nəzərdə tutmuşduq və orada buna uyğun olaraq təmir işləri aparmışdıq. Bir gün gəlib baxanda restoranın mətbəx hissəsinin tamamilə dağıdıldığını gördük. Lakin yerə vurduğumuz bahalı parket və digər təmir normal vəziyyətdə qalmışdı. Oranı da Nizami Ağayev əlimizdən aldı”.
Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin edilib.
Qeyd edək ki, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb.
L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: “Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb”.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma zamanı 3 nəfər - Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyev saxlanılıb.
Təqsirləndirilən şəxslərdən yalnız C.Eyvazovun barəsində həbs qətimkan tədbiri seçildiyi məlum olub. Digər iki şəxs isə ev dustaqlığındadır.
Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

//Report