Bakıda parkda ŞOK HADİSƏ - Ana, ata və oğlunu döydülər
    • 19-05-2022, 14:18
    • 689

Bakıda parkda ŞOK HADİSƏ - Ana, ata və oğlunu döydülər

Xətai rayon Məhkəməsində ötən ilin 8 iyul tarixində rayon ərazisindəki parklardan birində yeniyetmə oğlanı döyən, eləcə də onun ata-anasına qarşı xuliqanlıq edən şəxslər barəsindəki işə baxılıb.

News24.az-ın məlumatına görə, Ceyhun, Hüseyn və Elnur adlı yeniyetmələr həin gün parkda Müslüm adlı oğlanın qızlarla voleybol oynadığını görərək onlar yaxınlaşıblar.

Bu zaman onlar da topu götürərək voleybol oynamaq istəyiblər. Müslüm isə yer olmadığını deyib. Bundan sonra 2006-cı il təvəllüdlü Elnur topu götürərək suya atıb. Müslüm onun üstünə gəldikdə Elnur qəfil hücum edərək başı ilə Müslümə zərbə endirib. Gözü qaralan Müslüm yıxıldıqda Elnur idman fəndi işlədərək onu mərmərin üstünə çırpıb. Bu zaman yaxınlıqdakı Ceyhun və Hüseyn də Müslümə zərbələr endirməyə başlayıblar. Döyülən oğlanın ata-anası hadisə yerinə gələndə dava-dalaş daha da böyüyüb. Həmin şəxslər Müslümün anasını itələyərək yerə yıxıblar. Bu zaman Ceyhun qadının telefonunu yerə çırparaq sındırıb, həmçinin oradakı İsmət adlı şəxs Müslümün atasına zərbə endirərək qaçıb.

Hadisədən sonra məlum olub ki, dava zamanı həmin şəxslər Müslümün əlini sındırıb, həmçinin digər xəsarətlər yetiriblər.

Xətai rayon Məhkəməsində 18 yaşı hələ tamam olmamış Ceyhun, Hüseyn və Elnur barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddəsi ilə iş açılıb.

Xətai rayon Məhkəməsi hadisədə iştirak edən şəxslərdən Ceyhun Mahmudova 6 ay müddətinə şərti cəza, Elnura 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Hüseynə isə 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib. Elnur və Hüseynə elektron qolbaq taxılıb və onların hərəkətləri nəzarətə götürülüb.