Azad edilən ərazidə naqil toplayan şəxs tutulub
    • 24-05-2022, 11:58
    • 239

Azad edilən ərazidə naqil toplayan şəxs tutulub

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Hünərli kəndində xidmətdə olan zaman Füzuli rayon sakini Vəzir İbrahimovun idarəsində olan “VAZ-2106” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar. Avtomobilə baxış keçirilən zaman həmin ərazilərdən topladığı naqil və digər əşyalar aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxs barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.