Hind kinosu kimi "Maşın Şou" və 18 "hindistanlı" - FOTO
    • 14-12-2018, 01:28
    • 2 161

Hind kinosu kimi "Maşın Şou" və 18 "hindistanlı" - FOTO

Ölkənin televiziya məkanının ən baxımlı şousu "Maşın" bu axşam 22.00-da Azad Azərbaycan telekanalında ilk canlı yayımına start verdi.

Xalq artisti Murad Dadaşovun aparıcılığı ilə ərsəyə gələn şounun 17-ci sürətinin "Hind kinosu" bölümünün iştirakçılarının kimliyi əvvəldən izləyicilərin maraq dairəsində olub. Yeni bölümün anonsu veriləndən müxtəlif məşhurların adı keçən şouda təstiqlənmiş iştirakçıların əksəriyyətinin kimliyi mediada öz əksini tapmasına baxmayaraq, M. Dadaşov yenə də professionalca bəzi adların son günə qədər gizli qalmasını bacardı. Bu axşam ilk canlı yayımda isə nəhayət "Maşın"ı səbirsizliklə gözləyənlərin intizarına son qoyuldu. M. Dadaşov şounun qaydasına uyğun olaraq 18 iştirakçını növbə ilə studiyaya dəvət etdi. Beləliklə...

İştirakının təstiqlənməsi ilk News24.Az tərəfindən duyurulan şairə Nazilə Səfərli hər dəfə nə qədər bunu danıb, gizlətməyə çalışsa da bu məşhur qadın elə "Hind kinosu"nun ilk təqdim olunan iştirakçısı oldu. Səfərli çəkilmiş anonslarda çox iddialı danışdı. Xaraktercə güclü, ruhən zərif şair olan Səfərlinin "xaincə" torbasını tikməsələr, şounun qalibi bəlkə də onun olacağı hardasa inanılandır. Nədən ki, N. Səfərli tutduğunu qoparan məşhur bir fiqurdur. 

Şounun növbəti iştirakçısı adı artıq dəfələrlə mediada yazılan əməkdar artist Ruhəngiz Allahverdiyevadır. Əqrəb bürcü olan müğənni anonsda hərdən elə əqrəbsayağı özünə də zərər verəcəyini vurğulayaraq, izləyiciləri düşündürməyə vadar etdi. Əcəba səhnəmizin "Barbisi" bu açıqlaması ilə şounun gedişatında səsverməyə çıxarsa, hətta səs yığsa belə, özü şoudan gedəcəyinə ehyam vurmuş olmasın... Bunu günlərlə davam edəcək "Maşın"ın gedişatında görəcəyik.

Son günlər modda olan reper Ramil Nabran - onun da adı mediada açıqlanmışdı. Ağıllı, eləcə də bir o qədər sirrli görünən Ramilin şouda neçə gün qalacağı haqda bir söz deyə bilmərik. Amma insafən demək olar ki, bu zəhmətkeş adam qalib olmağa layiq olanlardandır.

Gah parlayan, gah sönən, gah oxuyan, gah da rep deyən daha bir iştirakçı Mina Hüseyin (Nərmin Hüseynova) ilk baxışdan tamaşaçıya zəif rəqib təsiri bağışlamış ola bilər. Amma Minanın aşırı zərif və sakit görünməsi onun zəif rəqib olmasına bəlkə də dəlalət vermir. Nədən ki, bu görünüşün arxasında gözlərində maşını qazanmaq iddiasının qığılcımları görünür. Necə deyərlər, ona da əsl mina kimi anidan qurbanını yaxalayan Mina deyərlər!...

Oqtay Kamil - Azərbaycan tamaşaçına meyxanaçı-müğənni Samirə Yusifqızı ilə olan hərtərəfli münasibəti ilə tanınan qalmaqallı meyxanaçı... O, Murad Dadaşovun son günə qədər adını gizlədə bildiyi iştirakçılardan biridir. Amma maraqlıdır, şounun gedişatında hərdən hansısa iştirakçının qalmasında təsiri olan Dadaşov Oqtay Kamilin şouda sonadək qalmasını adını gizlədə bildiyi kimi, təmin də edə biləcəkmi? Bunu zaman göstərəcək.

Xose Bernardonu tanımayan varmı? Uşaqlığından televiziyaların ulduzuna çevrilən "Maşın"ın zənci iştirakçısı tanışlıq anonsunda elə danışdı ki, sanki həqiqətən hind kinosuna çəkilirmiş kimi rəqiblərini "bış-bış, dış-dış"ı ilə bir növ "hədələdi". Özünə güvənən Xosenin bu açıqlaması şounun gedişatında başına bəla olmasa yaxşıdır. Kim bilir, bəlkə də iştirakçılar aralarında bir "yadplanetlinin" olmasını istəməyəcəklər...

Növbəti iştirakçı "5-ci element" verilişinin "elementlərindən" biri Ranar Musayevdir. Ranar şou başlayana qədər Murad Dadaşov ha çalışsa da adını gizli tuta bilmədiyi iştirakçılardandır. Efirdən həmişə mədəni, aristokrat şəxs təəsüratı bağışlayan Ranara baxınca adamın "axı sənin nə işin var "Maşın"da?" deməyi gəlir - şouda baş verən OLMAZLARDAN yana. Anlayan anladı... 

Bu arada, canlı yayımda şounun yeni sürətinin başlaması münasibətilə "Liatris Holding" tərəfindən gözoxşayan çiçəklər təqdim edildi. Holdingimizin bu jesti Murad Dadaşov tərəfindən böyük minnətdarlıq və hörmətlə dəyərləndirildi!

Növbəti iştirakçı aparıcı-aktrisa Xəyalə Quliyeva. Özünü məşhur hind kinosu "Zita və Gitan"nın cəsarətli Gita obrazına bənzədərək, çıxışı ilə digər iştirakçılara mesaj yollayıb, ondan çəkinmələrini təmin etməyə çalışdı. Nə desən, olar. Xəyalə Quliyevadır bu... Əvvəllər də gizlincə "Çəkirəm ha" deyib, millətin başına "oyun açırdı"...

Nərgiz Əliyeva - adı mediaya bəlli olan daha bir iştirakçı. Peşəsi aktrisa olan Nərgizi tamaşaçılar oynadığı rollardan çox "Maşın"ın təcrübəli tamaşaçısı kimi xatırlayır. O da anonsda özünü güclü rəqib göstərməyə çalışdı. Baxaq, cəhdi baş tutacaqmı... Amma ən azındandan şou onun "parlamasına" şərait yarada bilər. 

Öz qanunları ilə hərəkət edən aktrisa Aysel Nazim də şoudadır. Danışığından belə çıxdı ki, "Maşın"a qanunlarını diqtə etməyə gəlib. Maraqlıdır, Aysel iştirakçıları öz qanunlarına tabe edərək, hökümranca qaydalarını onlar arasında yeridə bilcəkmi? Nə də olmasa, bu, reallıqlarla dolu şoudur. Hansısa film ya da serial deyil. Nə də Aysel ssenarist deyil ki, iştirakçılar aktyor kimi ona tabe olub, ssenariyə yazdığı qanuna uyğun oyun aparsınlar...

Sərxan Kərəmoğlu - Onu şouda görənlərin neçəsinin kim bilir, dodağı "uçuqladı". Çünki o, "Maşın Şou" tarixinin ən yadda qalan iştirakçılarından biri olub - üstəlik də qalmaqalları ilə. Onun Təranə Musayeva ilə "butulka" davasını yəqin heç vaxt unutmayıb. O haqda çox danışıldı, ha danışıldı. Şounun təcrübəli iştirakçılarından olan Sərxan əcəba bu dəfə kiminlə hansı və necə davaları ilə "tarixə düşəcək"? Ya da tam əksi - bəlkə bu dəfə ən məsum, sakit iştirakçı taktikası ilə irəliləyəcək. Bunu da zamanla görəcəyik. 

Bu iştirakçının da adı mediada açıqlanmışdıı. Amma son günlərdə onun şoudan imtina etdiyi xəbəri yayıldı. Görünür bu da bir taktika idi ki, mediaya "oynanıldı". Amma olsun, o qədər də vacib deyildi. Beləliklə, "Maşın"ın daha bir təcrübəli iştirakçısı 60 yaşı təzəcə tamam olan aktyor Allahverdi Yolçuyev - sanki maraqsız və sönük kimi...

Şounun daha bir təcrübə qazanmış iştirakçısının aparıcı-aktrisa Aydan Axundzadənin olduğu bəlli oldu. Əvvəlki şouda o qədər də maraqlı və yaddaqalan olmayan Aydan yəqin bu dəfə yadda qalmaq üçün əlindən gələni edəcək. Üstəlik, bilmək olmaz, bəlkə finala qalanlardan oldu. Çünki təcrübəsi var...

Üstündən illər keçməsinə baxmayaraq, hələ də Eurovision iştirakçısı kimi xatırlanan güclü ifa sahibi Samir Cavadzadə. Samir adama həmişə ataların "suyun lal axanı, adamın yerə baxanı" məsəlini xatırladır. Anonsda özünü Jül Vernin "80 gün dünya ətrafında" romanı əsasında çəkilmiş eyniadlı cizgi filminin xain Mister Fikslə müqayisə edən müğənni bununla nə demək istədi, yəqin özü də tam başa düşmədi. Əgər məsələ məhz xaincə iştirakçıların "başını yeməkdən" gedirsə, buna inanmaq olar. Samir bu taktikanı şouda uzaqbaşı məsum donu geyinərək həyata keçirə bilər. Onun nə qədər "məsum" olduğu müəyyən tamaşaçılara bəllidir. 

Səsdən, mahnıdan çox açıq-saçıqlığı ilə özündən bəhs etdirən daha bir eurovisionçu Səmra Rəhimli. Deyir ki, guya şounun sakit, mələküzlü "prinsessa"sı olacaq. Bu haqda heç bir fikrimiz yoxdur. Amma əminliklə deyə bilərik ki, Səmra şou boyunca açıq-saçıq geyimləri ilə erkək "durnanı, ya da durnaları gözündən vuracaq". Hətta kimlərsə onun qalib olması üçün əldən-ayaqdan gedərək, artıq startda dayanmış ola bilər...

Müğənni Dilarə Kazımova da açıq-saçıqlığı ilə gündəmi zəbt edən "Maşın"ın yeni, təcrübəsiz iştirakçılarındandır. Amma Səmradan fərqli olaraq, ifası ilə çoxunu "dəm" edib. Güclü səs sahibəsi Dilarə də deyəsən şounun güclü və iddialı iştirakçılarındandır. Nədən ki, təqdimat anonsunda "xox" edərək, "dava lazım olsa edəcəyik" deyib, möhürünü vurdu. Bu zərif və cazibədar qadının içində nə fırtınalar coşur, bir Allah bilir...

Taleh Yüzbəyov - "kasıb" viner. Onu daha çox sosial şəbəkələrdən, TV - reklam çarxlarından tanıyır tamaşaçılar. İnsafən deyək ki, tanındığı qədər də sevilir. Çünki adam əsl istedaddır. Talehin istedadının şounun qalibi olmağa nə dərəcədə yardım edə biləcəyini isə gedişatda şahid olacağıq. 

Və... adı sirr saxlanılan sonuncu iştirakçı - daha bir viner Mənsur Şərif. Çəkdiyi vinerlərdən fərqli olaraq, Mənsur şounun ilk günü maşının ətrafında çox ciddi dayanmışdı. Bu, bir az inanılmaz görünsə də. hər halda, insanları güldürən birisi üçün ciddi həyatda, üstəlik də reytinqli şounun ilk günündə ciddi görünməsi labüddür! Amma əminik ki, Mənsur əgər şou boyunca ciddilik göstərib, insanları güldürmək bacarığından istifadə etməsə, Murad Dadaşov demiş "Maşın əldən getdi!" ifadəsini erkən eşitməli olacaq!

Hind kinosu kimi daim maraqlı olan "Maşın Şou"da əsas rəqabət və daha nələr-nələr sabahdan başlayacaq. Qısası, sabahdan 18 nəfərin maskası cırılmağa başlayacaq və ilk qurban bəlli olacaq.

Xatırladaq ki, xalq artisti Murad Dadaşovun təqdimatında ilin sonuna qədər davam edəcək "Maşın Şou" hər axşam 22.00-da Azad Azərbaycan kanalında yayımlanır.

Azər NƏSİBOV