Sabah Bakıda türk Ombudsmanlar fikir mübadiləsi aparacaq - Səbinə Əliyeva
    • 24-05-2022, 16:36
    • 426

Sabah Bakıda türk Ombudsmanlar fikir mübadiləsi aparacaq - Səbinə Əliyeva

“Bu il Ulu Öndərin xeyir-duası ilə yaradılan Ombudsman Aparatının 20 illiyidir. Bizim dəvətimiz əsasında bu gün Türkiyə, Qazaxıstan və Qırğızıstan Ombudsmanları və digər rəsmi qonaqlar Şuşadadır. Bu hadisə olduqca əhəmiyyətlidir. Çünki Şuşa türk dünyasının mədəniyyət paytaxtı elan olunub”. 

News24.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O qeyd edib ki, sabah Bakıda “TÜRKPA üzv dövlətlərində insan hüquqlarının qorunması” mövzusunda fikir mübadiləsi aparılacaq: “Bir neçə gün öncə qədim Bursa şəhərində Türk Dövlətlərinin Ombudsmanlar Assosiasiyası yaradılıb. Bu birliyin yaradılmasından sonra ilk konfransımızı reallaşdırırıq. Yolboyu Ermənistan tərəfindən torpaqlarımızda aparılmış işğalçı siyasətin nəticəsi və müharibə cinayətləri haqqında onlara geniş məlumatlar verdik. Əminəm ki, türk Ombudsmanlar qayıtdıqları zaman həm öz ölkələrində, həm də müxtəlif beynəlxalq platformalarda bu cinayətlər haqqında dünya ictimaiyyətinə geniş məlumatlar verəcək”.