Azərbaycanda anası və nənəsi ilə parka gedən 5 yaşlı uşaq öldü – TƏFƏRRÜAT
    • 27-05-2022, 00:02
    • 492

Azərbaycanda anası və nənəsi ilə parka gedən 5 yaşlı uşaq öldü – TƏFƏRRÜAT

 Gəncədə idarə etdiyi “KİA Sorento” markalı avtomobillə 5 yaşlı uşağı vurub öldürən Göygöl rayonu Üçtəpə kənd sakini H.Ə məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın məlumatına görə, Gəncə şəhər Nizami rayon Məhkəməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə açılmış iə baxılarkən bəzi faktlar üzə çıxıb.

Məlum olub ki, hadisənin baş verdiyi gün 5 yaşlı Vaqif Həsənov anası və nənəsi ilə birgə Gəncədəki “Xan bağı” parkına gəzintiyə gedib. Bir qədər sonra onlar evə geri qayıtmaq istəyərkən azyaşlı uşaq nənəsinin əlindən çıxaraq yola tərəf qaçıb. Qara Qarayev prospekti ilə İç Qala küçəsinin kəsişməsinə çıxan uşaq hərəkətdə olan “KİA Sorento”nun zərbəsinə tuş gəlib. Sürücü dərhal maşını saxlayaraq yaralı uşağa kömək etməyə çalışıb. Onu nənəsi və anası ilə birgə maşına əyləşdirərək xəstəxanaya çatdırıb. Lakin tibbi müdaxilələrə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmədə sürücü hadisə vaxtı ayıq olduğunu, uşağın qəfil qaçaraq maşının yan tərəfinə dəydiyini deyib.
Mərhum azyaşlının ailəsi isə sürücüdən şikayətçi olmadıqlarını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş ediblər.
Nizami rayon Məhkəməsinin hökmü ilə H.Ə-yə 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək və polisin nəzarəti altında olacaq.