Baş Prokurorluğun əməkdaşlarına təlim keçirildi - FOTO
    • 3-06-2022, 11:15
    • 210

Baş Prokurorluğun əməkdaşlarına təlim keçirildi - FOTO

İyunun 2-də Avropa Şurasının Bakı Ofisi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə prokurorluq orqanlarının əməkdaşları və vəkillər üçün “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində “İnformasiyaya və rəsmi sənədlərə çıxış” mövzusunda keçirilən təlimdə Baş Prokurorluğun əməkdaşları iştirak ediblər.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, təlim Bakı şəhərində yerləşən mehmanxanaların birində əyani formatda sinxron tərcümə təmin olunmaqla Azərbaycan və İngilis dillərində keçirilib. Tədbir iki hissədən ibarət olmaqla, hər bir mövzunun ardınca sual-cavab sessiyaları, eləcə də təlim iştirakçılarını ssenarilərə və praktiki işlərin araşdırılmasına cəlb etməklə baş tutub.

Avropa Şurasının Bakı şəhərindəki ofisinin rəhbəri səfir Zoltan Hernyes və Azərbaycanın Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov tədbirin açılışını edib. Daha sonra təlimçi Nevena Ruziç “İnformasiyaya çıxış-beynəlxalq resurslar”, “İnformasiyaya çıxış-insan hüququ olaraq” və “İnformasiyaya çıxış və fərdi məlumatlar arasında balansın müəyyən edilməsi” mövzular üzrə mühazirələrlə çıxış edib.

Təlim çərçivəsində təqdim edilən kazuslara əsasən iştirakçılar problemlərin həlli yollarını müəyyən etməklə öz fikirlərini səsləndirərək təlimdə aktiv iştirak etdiriblər.

Təlim zamanı əldə edilən biliklərdən prokurorluq orqanlarında peşə hazırlığının keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirlər zamanı istifadə edilməsi qərara alınıb.