Elmira Süleymanova: “Regionlarda sığınacaqlar yaratmağa ehtiyac var”
    • 13-05-2019, 15:31
    • 1 414

Elmira Süleymanova: “Regionlarda sığınacaqlar yaratmağa ehtiyac var”

Bu gün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Ombudsman Aparatı və Mətbuat Şurasının birgə əməkdaşlığı ilə Avropa Şurasının (AŞ) “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində “Gender bərabərliyi və media” mövzusunda konfrans işinə başlayıb. Konfrans Avropa Şurasının 70 illiyinə və Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin yüzilliyinə həsr olunub. 
Konfransda ilk çıxış edən AŞ-nın Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes bildirib ki, konfransın keçirilməsində əsas məqsəd gender bərabərliyi və media sahəsində AŞ standartlarına dair məlumatlılığı artırmaq, Azərbaycan mediasında gender bərabərliyi mövzusuna tarixi və müasir kontekstdə nəzər salmaq və açıq müzakirələrə şərait yaratmaqdır.

Z.Hernyes əlavə edib ki, bu gün Azərbaycan gender bərabərliyi sahəsində irəliləməkdədir: “Media çox vacib alətdir. İctimaiyyətin məlumatlandırılmasında jurnalistlər, bloqqerlər çox böyük töhfə verirlər. Qadınların və qızların gücləndirilməsi BMT gündəliyində də duran vacib məsələdir. Avropa Şurası bərabərliyə nail olmaq üçün bir sıra addımlar atıb, sənədlər qəbul edib. Nazirlər Komitəsi seksizmlə mübarizə istiqamətində bu günlərdə tövsiyə sənədi qəbul edib. Lakin bu gün dünyada gender boşluğu qalıb və onu aradan qaldırmaq üçün çalışmaq lazımdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə deyib ki, Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biridir və bu əlbəttə ki, bu, demokratiyanın vacib addımlardan biri idi:

“Azərbaycanın seçdiyi yolla gedərək çox böyük addımlar atıb. Qadınların inkişafına daha çox diqqət yetirib onları müdafiə etməliyik. Çünki dünyada hazırda bir çox proseslər gedir və ölkənin, cəmiyyətin yarısını, bəzi ölkələrdə çoxunu təşkil edən qadınlar hansısa inkişafdan kənarda qalsalar o ölkənin və cəmiyyətin gələcəyi yoxdur. Bunu tək biz demirik. AŞ da bu istiqamətdə addımlar atır”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova Azərbaycanda gender bərabərliyinin təmin edildiyini qeyd edib. O əlavə edib ki, ötən dövrlərdə Avropa standartlarının Azərbaycan qanunvericiliyində tətbiqi üçün monitorinqlər keçirilib: “Ombudsman Aparatı tərəfindən gender bərabərliyinin təmini, qadın və kişilər üçün bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün tədbirlər davam etdirilir. Azərbaycanda zorakılıq qurbanları üçün regional sığınacaq mərkəzlərinin yaradılması barədə hökumətə təkliflər verilib və hazırda bu sahədə iş aparılır. Hər rayon və şəhərdə sığınacaq mərkəzlərinin yaradılması mümkün olmasa da, buna ehtiyac var. Bu baxımdan regional sığınacaq mərkəzlərinin yaradılması əhəmiyyətli olar”.

Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycanda gender bərabərliyinin təmini istiqamətində görülən mühüm işlərdən danışıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında KİV və qadın, uşaq istismarı ilə problemlərin işıqlandırılması məsələsinə toxunub. 
Konfrans çərçivəsində daha bir neçə mövzu üzrə 3 sessiya ətrafında müzakirələr aparılıb. 

Afaq Mirayiq