Sosial şəbəkədə gördüyü fotodakı şəxsi arvadına oxşadan kişidən ŞOK CİNAYƏT
    • 9-06-2022, 11:06
    • 380

Sosial şəbəkədə gördüyü fotodakı şəxsi arvadına oxşadan kişidən ŞOK CİNAYƏT

Yevlaxda qayınatasını bıçaqlayan şəxsin məhkəməsi keçirilib.

News24.az-ın məlumatına görə, hadisə ötən ilin iyul ayında rayonun Mehdi Hüseynzadə küçəsində baş verib. 1979-cu il təvəllüdlü Kamal Qarayev həmin vaxt sosial şəbəkələrdə gördüyü açıq -saçıq qadın fotolarının arvadına məxsus olduğunu düşünərək evdə dava-dalaş salıb.

O, arvadını döydüyü üçün inzibati məsuliyyətə cəlb edilib və 5 sutkalıq həbs edilib. Həbsdən çıxdıqdan sonra Kamal həm də dayısıqızı olan arvadını götürüb anasının evinə gedib. Həyat yoldaşı ilə bir müddət orda yaşayıb. Lakin əxlaqsızlıq şübhələrinə görə evdə yenidən söz-söhbət yaranıb. Kamal arvadının əxlaqsızlıqla məşğul olduğunu bildirib və onu yenidən döyüb. Ardınca qayınatası olan dayısını və qayınanasını evə cağırıb.

Evə gələn Kamalın qayınatası ona “sən kişi deyilsən nə üçün arvadına şər atıb bu vəziyyətə salırsan» deyərək irad bildirib. Bu zaman başından xəsarətləri olan qadın qaçaraq hamamda gizlənib. Kamal isə əlindəki bıçaqla qayınatasına tərəfə gələrək ona xəsarət yetirib. Hadisə yerinə gələn polislər bıçağı onun əlindən alıblar. Xəstəxanaya çatdırılan Nizami Qarayevin həyatını xilas etmək mümkün olub.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə 43 yaşlı Kamal Qarayev əməlindən peşman olduğunu deyib. Onun bıçaqladığı qayınatası isə kürəkənini bağışlamadığını, onunla barışmadığını və cəzalandırılmasını istədiyini deyib.

Məhkəmə K.Qarayevin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinmsinə və 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə qərar verib.