Bir ayağını itirən qazi dəhşətli hadisə törətdi – Qadını əri və uşağnın gözü önündə...
    • 13-06-2022, 12:36
    • 387

Bir ayağını itirən qazi dəhşətli hadisə törətdi – Qadını əri və uşağnın gözü önündə...

Bu il martın 21-də saat 20 radələrində Abşeron rayonunun Atyalı qəsəbəsi ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

News24.az-ın məlumatına görə, hadisə vaxtı Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Sultanlı Nicat Məmi oğlu idarə etdiyi “Khazar” markalı avtomobillə yolu keçən Rəna Qəhrəmanovanı vurub öldürüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Nicat Sultanlı sürücülük vəsiqəsi və sürücülük hüququ olmadan avtomobil idarə edirmiş. O, 2016-cı il aprel döyüşlərinin, həmçinin 2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsinin iştirakçısı olub və müharibədə 1 ayağını itirib.

Vətən Müharibəsi qazisi olan N.Sultanlı müharibə vaxtı Zəngilanda minaya düşüb və nəticədə onun ayaqlarından biri amputasiya edilib. Prezidentin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə o, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Hadisəyə gəlincə, araşdırmalar zamanı məlum olub ki, N.Sultanlı sürücülük hüququ olmadan idarə etiyi avtomobillə Rəna Qəhrəmanovanı piyada keçiində vurub. Onun həmin vaxt sürət həddini aşması da məlum olub.

N.Sultanlı bildirib ki, hadisə baş verərkən o, yaşadığı Mehdiabad qəsəbəsindən Bakıya dərman almağa tələsirmiş: “Müharibədə aldığım xəsarətlərə görə məndə güclü ağrılar olur, ona görə də həmin vaxt şəhərə getməyə və dərmanları tez əldə edib qəbul etməyə tələsirdim”.

Qazinin maşınla vurduğu qadının həyat yoldaşı isə bildirib ki, dəhşətli hadisə onun və azyaşlı oğlunun gözü qarşısında baş verib: “Biz birlikdə piyada keçidindən yolu keçmək istəyirdik, Rəna bir neçə addım öndə hərəkət etdiyindən sürətlə hərəkət edən avtomobil yalnız onu vurdu. Xəstəxanaya aparsaq da, həyat yoldaşımı xilas edə bilmədik”.

Qeyd edək ki, Novruz bayramı günü maşınla qadını vurub öldürən N.Sultanlı barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sürücülük hüququ olmayan şəxs tərəfindən pozma – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.

Cinayət işinin materialları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə N.Sultanlının qazi olmasını, müharibədə ayağını itirməsini, ilk dəfə cinayət törətməsini, gənc və subay olmasını, törətdiyi əməldən səmimi peşmanlıq duymasını, medal almasını və digər halları nəzərə alaraq onun həbs edilməməsinə, barəsində başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilməsinə hökm edib.

Ona 3 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi bildirilib.