Bakıda inanılmaz fırıldaq – Partiya sədri və otel sahibi yüz minlərlə pul mənimsədi
    • 17-06-2022, 10:26
    • 378

Bakıda inanılmaz fırıldaq – Partiya sədri və otel sahibi yüz minlərlə pul mənimsədi

Bakıda İran vətəndaşını aldadaraq külli miqdarda pulu ələ keçirən 1978-ci il təvəllüdlü Rəşad Heybətov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, araşdırmalar zamanı Rəşadın İran vətəndaşı Əlirza Xorəzmini aldadaraq onun həbsdə olan bacısı oğlu Qulamrzanın azadlığa buraxdıracağını vəd edərək 81 min manat alması məlum olub.

Belə ki, 2018-ci ildə İrandan yük maşını ilə Aərbaycana gələn Qulamrzanın sürdüyü TIR-da külli miqdarda narkotik vasitə aşkar edilib və o, həbs edilib. Bundan sonra Qulamrzanın dayısı Əlirza Azərbaycana gələrək bacısı oğlunu həbsdən buraxdırmağın yollarını axtarıb. O, Bakıya gəldikdən sonra vasitəçilərin köməkliyi ilə Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümovla tanış olub. Ağadur Müslümov İran vətəndaşına bildirib ki, bacısı oğlunu həbsxanadan çıxarmaq üçün 200 min manat lazımdır. Daha sonra İrana qayıdan Əlirza Xorezmi özünün və Qulamrzanın maşınlarını, bacısının evini və sair sataraq 154 min manatı Ağadura verib. Lakin partiya sədri vədinə əməl etməyib və Qulamrzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il həbs cəzası verilib.

Bundan sonra Əlirza Xorezmi həm Ağadura verdiyi 154 min manatı geri almaq, həm də bacısı oğlunu həbsxanadan azadlığa çxarmaq üçün yollar axtarıb. Ona bu işdə, fars dilini mükəmməl bilən, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bəzi proseslərdə tərcüməçi kimi iştirak edən, həmçinin dövlət qurumlarında əlaqələri olan Rəşadın köməklik edə biləcəyini bildiriblər. 

Rəşad ilkin olaraq Əlirzaya bacısı oğlunun işinin Şirvan Apellyasiya Məhkəməsində yüngülləşdiriləcəyini, daha sonra 6 ay ərzində onun İrana göndərilməsi məsələsini həll edəcəyini deyib.

Bakıda biznes fəaliyyəti göstərən, həmçinin Səbail rayonu ərazisindəki “Continent Hotel”i işlədən Rəşad bu məqsədlə Əlirzadan 3 dəfəyə olmaqla ümumilikdə 81 min manat alıb. Lakin o da Ağadur kimi vədinə əməl etməyib. Rəşad aldığı pulların böyük hissəsini Gürcüstanda yaratdğı təsərrüfata və digər işlərə sərf edib.

Rəşad Heybətov İran vətəndaşının şikayətindən sonra Gürcüstanda həbs edilərək Azərbaycana gətirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Rəşad 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Rəşaddan əvvəl partiya sədri Ağadur Müslümov həbs edilib və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məlum olub ki, Ağadur əhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi İ.Babayevi də aldadaraq ondan 100 min manat alıb. Belə ki, həmin vaxt İ.Babayev 2013-cü ildə A.Müslümova 100 min manat pul verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyi vədi verib. Lakin A.Müslümov pulu alsa da, vədinə əməl etməyib. Daha sonra İ.Babayev işdən çıxarılıb.

Həbs edilən Ağadur Müslümov 2021-ci ildə həbsxanada vəfat edib.