"İnformasiya savaşında da güclü olmalıyıq" - Sinan Burhan
    • 17-06-2022, 11:40
    • 593

"İnformasiya savaşında da güclü olmalıyıq" - Sinan Burhan

“Fərqli sahələrdəki qeyri-hökumət təşkilatları ilə layihələrin icrası önəmlidir”.

News24.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda təşkil edilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunda çıxışı zamanı AYD sədri Sinan Burhan deyib.

Sinan Burhan bildirib ki, informasiya savaşı da cəbhədəki müharibə qədər önəmlidir:

“Bu gün burada çox önəmli toplantı reallaşdırırıq. Toplantının önəmi Türkiyə-Azərbaycan qardaşlığının köklərinin dərində olmasından qaynaqlanır. Azərbaycan dediyimiz zaman ürəyimiz hər zaman yanlarında yer aldı. Xocalı faciəsinin acısını da, Qarabağ zəfərini də birlikdə yaşadıq. Qarabağ zəfəri zamanı informativ savaş yaşandı. Bizim burada üzərimizə düşən vəzifə budur ki, informasiya savaşında güclü olmalıyıq. Əgər bu mənada uğur qazanmazsanız, haqlı ikən haqsız duruma düşə bilərsiniz.

Bizim davamlı layihələr icra etməyimiz lazımdır. Fərqli sahələrdəki qeyri-hökumət təşkilatları ilə layihələrin icrası önəmlidir”.