"Azərbaycan və Türkiyənin əlaqələri qonşu ölkələrə bir örnəkdir" - SƏFİR
    • 7-07-2022, 15:41
    • 440

"Azərbaycan və Türkiyənin əlaqələri qonşu ölkələrə bir örnəkdir" - SƏFİR

"Türkiyə və Azərbaycan arasındakı əlaqələr türkdilli dövlətlərə də daşınır. Artıq türkdilli dövlətlər arasında müxtəlif sferalarla əlaqələr güclənməkdədir".

News24.az-ın məlumatına görə, bunu "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar, Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" mövzusunda keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O qeyd edib ki, 1983-dən 2023-ə qədər silahlarının 80 faizini özü istehsal edən Türkiyə formalaşıb: "Türkiyə artıq xaricdən asılı olmayan bir ölkədir. 30 il ərzində Azərbaycandan Türkiyəyə əsgərlər gəldi, onlar hərbi təlimlər aldılar. Bunun böyük faydasını da 44 günlük Vətən Müharibəsində gördük. 30 il ərzində Türkiyə ilə yanaşı Azərbaycan da gücləndi. Türkiyənin siyasi və mənəvi dəstəyi ilə Azərbaycan Qarabağ məsələsini həll etdi. Azərbaycan və Türkiyənin əlaqələri qonşu ölkələrə də bir örnəkdir".

Tələbələrə müraciət edən səfir bildirib ki, Şuşa Bəyannaməsini sətir-sətir bilməliyik: "Artıq bu bəyannamə bir qanun kimidir. Lazım olanı etməliyik. İqtisadi, siyasi, təhsil, səhiyyə və bir çox sahələrdə Azərbaycanla birgə maneələri dəf etməliyik. Artıq müttəfiq kimi şərtlərə görə hərəkət etməliyik. Əl-ələ, birlikdə addım atmalı, planlarımızı birgə qurmalıyıq. Biz iki əl olmağa məcburuq. Bunu etsək, bölgədə güclü ola bilərik".